Hikmət Hacıyev: “Azərbaycanın yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılıb”

Siyasət

Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub:

“Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var. Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombardıman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir. 

Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombardıman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir. Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir. Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur”.

Xatırladaq ki,  Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni Ermənistan ərazisindən atəşə tutub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir