Gürcüstanın Azərbaycana verdiyi dəstəkdən narazı olan erməni tərəfi yenidən açıq şəkildə Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində separatçılıq törətməklə təhdid edir.
Media.Az gürcü analitik Georgi Kbiltsetsxlaşvilidən Cavaxeti regionunda erməni separatçılığı təhlükəsini şərh etməsini istəyib:
– Gəlin, sizə nümunə göstərim. Erməni separatçılarının başçısı olan Vaaqn Çaxalyan adlı bir şəxs var. Mixail Saakaşvilinin dövründə həbs edilib və mühakimə olunub. Sonra Bidzina İvanişvili hökuməti zamanında azadlığa buraxıldı. İndi onun harada olduğunu bilirsinizmi? Qarabağda, erməni separatçılarının tərəfində döyüşür. Bir neçə gün əvvəl gürcü aktivistlər əlində silah formada olan Çaxalyanın şəklini tapıb yerləşdirmişdilər. Gürcüstan vətəndaşı olaraq separatçı Qarabağa necə gedib çıxdığını bilmirəm. Ancaq bu bir göstəricidir. Cavaxetidən olan erməni separatçı Azərbaycan ordusuna qarşı döyüşür.
Ermənistanda erməni ərazisi kimi təqdim olunan Cavaxetiyə gəlincə, bu doğru deyil. Tarixi həqiqətlərə müraciət etmək kifayətdir. İstər Rusiya İmperiyası, istərsə də Osmanlı İmperiyasının arxivləri də daxil olmaqla bütün arxiv materiallar, ermənilərin (35 min nəfər) Samtsxe-Cavaxetiyə köçürülməsinin ilk dalğasının 1829-cu ildə baş verdiyini göstərir. O vaxt bu torpaqlardan İslam dininə etiqad edən gürcülər köçürüldü. Mesxetilərin yerinə ermənilər peyda oldu.
– Bəs indi Tbilisidə erməni separatçılığının yeni dalğasına necə reaksiya göstərirlər?
– Gürcüstanda seçki kampaniyası gedir, düşünmürəm ki, indi ciddi bir reaksiya olacaq. Mövcud Gürcüstan hökuməti heç vaxt separatizmlə xüsusi mübarizə aparmayıb. Xatırladım ki, həmin Vaaqn Çaxalyan onlar tərəfindən sərbəst buraxılıb. Ancaq “Cavaxk” əsl separatçı ocağıdır. Bu mübaliğə deyil. Orada Abxaziyadakı hərbi fəaliyyətlərin iştirakçılarını açıq şəkildə qəbul etdilər, Qarabağda vuruşan erməni separatçısına abidə qoymağa çalışdılar.
– Buna baxmayaraq, Gürcüstandakı erməni separatçıları ölkənizin Azərbaycana verdiyi dəstəkdən danışırlar …
– Yalnız mənəvi dəstəkdən bəhs edə bilərik, çünki Azərbaycan özü döyüş meydanında bacarır. Ancaq rəsmi mənbələr, sosial şəbəkələr, gənc aktivistlər – hamısı Azərbaycanla həmrəy olduqlarını bildirirlər. Gürcüstan ictimaiyyətinin 99% -i azərbaycanlıların yanındadır. Qalan 1% -i Gürcüstanda yaşayan etnik ermənilərdir.
Gürcülər və azərbaycanlılar həmişə danışıqlar masasına əyləşə bilib və bilərlər. Azərbaycan Ermənistanın etdiyi kimi Gürcüstanın kürəyinə bıçaq vurmayıb. 1918-ci ildə müharibə elan etmədən Gürcüstana hücum etdiklərini xatırlamaq kifayətdir. Düzdür, o zaman atlarının qabağında İrəvana qaçdılar.
Abxaziyada vuruşan və gürcülərə qarşı vəhşilikləri ilə fərqlənən Baqramyan adına erməni batalyonunu da Gürcüstan heç vaxt unutmayacaq.