Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberq ilə görüşdə Ermənistanın Azərbaycana hücumları barədə danışıb.
“Haber Global” məlumat verir ki, o, bunun Ermənistanın Azərbaycanın dinc sakinlərinə ilk hücumu olmadığını deyib:
“Ermənistanın mülki şəxslərə hücumu yeni deyil. Xocalıda uşağa, qadına fərq qoymadan insanları necə qətlə yetirdiyini görə bilərsiniz. İndi ilk olaraq həm əsgərlərə, həm də qarşıdurma xəttindəki mülki vətəndaşlara hücum etdi, çox sayda vətəndaş şəhid oldu. Tələyə düşən Ermənistan mülki insanları hədəfləyərək raket atmağa başladı, bu da əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını qaytarmaq uğrunda mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslı olmağa çalışırlar, ya da Ermənistanı dəstəkləyən açıqlamalar verirlər. Bu problemi həll etmək üçün qurulan Minsk Üçlüyündən biri olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir. Biz həm qərb dövləti, həm də Türkiyə olaraq burada ərazi bütövlüyünü dəstəkləyirik. Hər kəsin Ermənistanı buradan ən qısa müddətdə geri çəkilməsinə çağırması lazımdır, 30 ildir davam edir. Ermənistan bu işğaldan zövq alır. Haradan cəsarət tapırsa, Azərbaycana hücum edir.Hamı güclülərin deyil, haqlıların yanında olmalıdır”.