Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı təsis ediləcək

Siyasət

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməyə əsasən, yubiley medalı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində səmərəli fəaliyyət göstərən mülki işçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanıb. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ sözləri yazılıb. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunub. Daxili çevrənin içərisində sol tərəfdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunub. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılıb. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir