“Bu qanun layihəsinin qəbulu çox əhəmiyyətlidir. Bununla bağlı onlarla müraciət almışam”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, orqan transplantasiyası zamanı indiyə qədər olan növbəlilik nəzərə alınmalıdır:
“Növbəlilik prinsipi gözlənilərkən korrupsiyaya meyllilik halları yarana bilər. Bunun qarşısını almaq üçün qanunda indiyə kimi növbəliliyin saxlanılması məsələsi də qanun layihəsində əksini tapmalıdır. Əks halda burada qeyri-şəffaflıq yarana bilər. Yaxud burada hansısa mexanizmlər tətbiq oluna bilər. Növbəlilik prinsipi gözlənilərkən xəstənin vəziyyəti də nəzərə alınmalıdır”.
MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, şübhəsiz, qanun qüvvəyə mindikdən sonra informasiya bankı tərəfindən orqan gözləyən xəstələrin gözlədiyi müddət nəzərə alınacaq:
“Onların hüquqları pozulmayacaq. Qanun qəbul edildikdən sonra onun işlənmə mexanizmləri ilə müvafiq icra qurumları məşğul olacaq”.