“Biz qanunda nəzərdə tutulan hallarda əcnəbilərə də transplantasiya həyata keçirə biləcəyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dünyanın heç bir yerində ksenoplantasiya təcrübədə tətbiq olunmur:
“Qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi zamanı həmkarım Qüdrət Həsənquliyev bununla bağlı sual vermişdi. Ancaq çox yaxın vaxtda biz bunu da təcrübədə tətbiq edə biləcəyik. Eyni zamanda həmkarımın digər təklifini nəzərə alaraq, qanun layihəsində olan yaxın qohumlar sözünü, qohumlar sözü ilə əvəz etmişik.
Qüdrət Həsənquliyevin təmənnasızlıq prinsipi ilə bağlı fikirləri də var idi. Biz bu prinsipləri pozsaq, orqan alverinə yol vermiş olarıq. Bu, beynəlxalq hüquqa ziddir. Həmçinin, Musa Quliyevin dediyi məsələ də qanun layihəsində əksini tapıb. İnsan orqanlarının transplantasiyası və donorluğu ilə bağlı qanun layihəsinin maliyyə təminatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanacaq”.