Oktyabrın 8-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin 56-cı iclası keçirilib.
Onlayn formatda keçirilən toplantıda QDİƏT PM-yə üzv ölkələr – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Ölkəmizi Milli Məclisin deputatları – QDİƏT PM sədrinin müavini, qurumda nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və Jalə Əhmədova təmsil ediblər.
İclasda komitənin sədri Mixail Yemelyanov (Rusiya Federasiyası) giriş nitqi ilə çıxış edib.
İclas iştirakçıları gündəliyi və komitənin cari ilin iyulun 9-da onlayn formatda keçirilmiş 55-ci toplantısının protokolunu təsdiqləyiblər.
Həmçinin, “Pandemiya ilə mübarizədə parlamentlərin rolu – hüquqi və siyasi aspektlər” mövzusunda müzakirələr aparılıb. Məruzəni Bolqarıstan nümayəndə heyətinin üzvü Pavel Xristov təqdim edib.
Videokonfransda Türkiyə nümayəndə heyətinin üzvü Əhməd Dəmircan, Rusiya nümayəndəsi Aleksey Kondratenko və Yunanıstan nümayəndəsinin üzvü Simeon Kedikoğlu çıxış ediblər. Toplantı iştirakçıları COVİD-19 pandemiyasının siyasi və demokratik proseslərə təsiri, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparıblar.
Müzakirələrin sonunda mövzu ilə bağlı məruzə və tövsiyə layihələri təsdiqlənib.
Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edilib, təşkilatı məsələyə baxılıb. Komitənin sədr müavini Albaniya nümayəndəsinin üzvü Xalid Valteri seçilib.
İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.
QDİƏT PM-nin baş katibi Asəf Hacıyev Yunanıstan Enerji Siyasəti və İnkişaf Mərkəzinin (KEPA) 2020-ci ildə ağacların əkilməsi ilə bağlı təşəbbüsü barədə komitə üzvlərini məlumatlandırıb.