Ermənistanın növbəti hərbi təcavüz aktına qarşı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı uğurla davam etdirilir. Döyüş əməliyyatı şəraitinin qiymətləndirilməsi, Müdafiə Nazirliyinin rəsmi məlumatları onu göstərir ki, düşmənin döyüş və müqavimət ruhu sındırılıb.
İnternet resurslarında, sosial şəbəkələrdə Ermənistanın məqsədli şəkildə yaydığı təkzib xarakterli yalan məlumatlara baxmayaraq, ordumuzun qətiyyətli əməliyyatları nəticəsində düşmən düşərgəsində yaşanan təlaş və xofla bağlı məlumatlar həqiqətdir, 30 il boyunca gözlədiyimiz Qarabağ qələbəsinin ilk müjdə xəbərlərindəndir.
Lakin bu, hələ o demək deyil ki, işğalçı bizim haqq etdiyimiz kapitulyasiya şərtləri ilə razılaşmaq üçün tamamən yetişib. Döyüş meydanında ardıcıl şəkildə hərbi məğlubiyyətə uğrayan düşmən informasiya məkanındakı savaşda həmişəkindən daha fəaldır, müqavimət göstərir və məğlubiyyətlərini açıq şəkildə etiraf etmək istəmir.
Ermənistan siyasi hakimiyyətinin və təbliğat resurslarının internet məkanında məqsədli şəkildə yaydığı “fake”lərin bolluğu və təyinat müxtəlifliyi buna xidmət edir.
Paşinyan hakimiyyəti artıq görür və başa düşür ki, informasiya savaşında istifadə etdiyi çirkin üsullara baxmayaraq, Ermənistan cəmiyyətində xaos, təşviş və hakimiyyətdən narazılıq hər keçən gün durmadan artır. Lakin Paşinyan öz siyasi ampluasına sadiq qalaraq, təxribatlarından əl çəkmir. Çünki bu uğursuz populist siyasətçi artıq dərk etməyə başlayıb ki, Qarabağda məğlubiyyəti qaçılmazdır və hakimiyyəti iflas ərəfəsindədir.
Elə bu səbəbdən də o, həmsədr ölkələrin dövlət başçıları və ciddi beynəlxalq media qurumları ilə təmaslarını nəzərəçarpacaq dərəcədə fəallaşdırıb. Onun bu fəallığının bir neçə bəlli məqsədi var.
Bunlardan biri odur ki, nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinə siyasi təzyiqlər hesabına ordumuzun uğurlu hərbi əməliyyatlarının dayandırılmasına nail olsun, yenidən güc toplamaq üçün vaxt qazansın.
Ermənistan rəsmilərinin informasıya məkanına ötürdükləri yalan və uydurma məlumatların güddüyü əsas məqsəd də məhz budur. Qarabağ bölgəsində – Azərbaycan ərazisində gedən döyüşləri xristian-müsəlman davası kimi təqdim etmək avantürasının, döyüşlərdə Türkiyənin hərbi qüvvələrinin, Suriya və Əfqanıstandan olan muzdluların iştirakı ilə bağlı dezinformasiyaların yeganə məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaqdır.
Paşinyanın məqsədi odur ki, bütün mümkün və ilk baxışdan qeyri-mümkün olan vasitələrlə üçüncü tərəfləri, xüsusən KTMT-ni, ilk növbədə, Rusiyanı münaqişəyə açıq şəkildə iştiraka cəlb etsin. Ermənistan baş nazirinin Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə dörd telefon zəngi, diplomatik kanallardan digər istifadə cəhdləri də yalnız bu məqsədə xidmət edir.
N.Paşinyanın populist siyasətçi və avantürist birisi olması həqiqətdir, danılmaz faktdır. Lakin bu, o demək deyil ki, onun ətrafındakıların hamısı, xüsusən xaricdən Paşinyana istiqamət verənlər də onun oxşarıdır.
Gəncənin, Mingəçevirin, Xızı və Abşeronun, digər rayonlarımızın Ermənistan ərazisindən raket zərbələrinə məruz qoyulması, elə bu səbəbdən təsadüfi deyil. Paşinyanın hədəfi döyüş zonasını genişləndirib, Ermənistan-Azərbaycan sərhədlərinə keçirmək, bundan sonra təmsil olunduğu hərbi bloku, daha dəqiqi, Rusiyanı açıq şəkildə tərəf tutmağa məcbur etməkdir.
Elə buna görə Paşinyanın vecinə belə deyil ki, beynəlxalq konvensiyaları, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozur, günahsız mülki əhaliyə qarşı növbəti hərbi cinayətə imza atır. Hazırkı məğlubiyyət durumunda Paşinyan üçün məşhur rus deyimindəki ölçü vahidi önəmlidir: məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə qəbuldur (для достижения цели все средства хороши).
Bu çirkin üsulların doğurduğu faciələrin miqyasının da Paşinyan üçün artıq heç bir əhəmiyyəti yoxdur. Onun məqsədi Azərbaycanı provokasiyaya çəkib Ermənistan ərazilərinə hücuma təhrik etməkdir.
Paşinyanın BBC-nin müxbiri Con Fişerə oktyabrın 7-də verdiyi müsahibə onun bu niyyətini çılpaqlığı ilə ortaya qoyur. Müxbirin “Siz dörd dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmısınız. Əgər Ermənistan ərazisi hücuma məruz qalarsa, Rusiya sizə hərbi dəstək verəcəkmi?” sualına Paşinyan birmənalı təsdiq cavabını verir, hətta belə bir zəmanətin V.Putindən alındığını bildirir. Jurnalistin “Dağlıq Qarabağ rəsmən Azərbaycan ərazisi kimi tanınır, heç olmazsa, ətraf rayonları qaytarmağa Ermənistan hazırdırmı?” sualına isə Paşinyan birbaşa cavabdan yayınır, növbəti avantüraya əl atır. Deyir ki, “Ermənistan Dağlıq Qarabağı işğal etməyib” və beynəlxalq təşkilatların, yəni BMT-nin bununla bağlı qətnamələrinin də yersiz olduğunu bildirir.
Paşinyanın bu müsahibəsi bir daha təsdiq edir ki, o, hətta düşdüyü indiki məğlubiyyət və siyasi iflası ərəfəsində, Prezident İlham Əliyevin danışıq şərtinə sağlam məntiq və düşüncə ilə yanaşa bilmir.
Başqa sözlə, Ermənistan hakimiyyəti işğal və təcavüz siyasətindən imtina etmək, Azərbaycan torpaqlarından könüllü şəkildə çıxmaq fikrində deyil. N.Paşinyanın öz oğlunu məcburi – “könüllü” şəkildə erməni ordusuna yazdırıb, yenidən Qarabağa – Azərbaycan ərazisinə döyüşə göndərməsini açıq şəkildə təbliğ etməsi də hərbi təcavüzdə iştirak faktının birbaşa etirafı deməkdir.
Ermənistanın döyüş bölgəsindən on kilometrlərlə uzaqlıqda yerləşən Azərbaycan ərazilərinin, mülki əhalinin raket və kasetli bombalarla məqsədli şəkildə hədəf seçildiyini Paşinyanın baş müşaviri V.Arutyunyan “Rossiya-1” telekanalına verdiyi müsahibədə etiraf edir:
“İndi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirərək Hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək, təşviş yaradaq”.
Ermənistanın oktyabrın 6-da Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə endirməsi, hətta mülki aviasiyamıza qarşı hərbi təxribat törədilə biləcəyi ilə bağlı rəsmi məlumatlar onu təsdiq edir ki, Paşinyan hakimiyyətinin təcavüzkar siyasəti artıq bütün qırmızı xətləri keçir, onun mənəvi-siyasi aşınmasının ölçü meyarı heç bir sağlam düşüncəyə sığmır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ermənistanın çirkin əməlləri qarşıdurmanın böyük regional böhrana çevrilməsinə hesablanıb” kimi fikri Ermənistan hakimiyyətinin təhlükəli və çirkin məqsədinə açıq işarədir.
Müşahidə etdiyimiz reallıqlar həm də onu deməyə əsas verir ki, Paşinyanın bu avantüraları yalnız onun xəstə təxəyyülünün məhsulu deyil. Uzun onilliklər ərzində ATƏT-in Minsk qrupundakı həmsədrlərin göstərdiyi səylərin nəticəsiz olması, 30 ilə yaxın müddətdə davam edən danışıqlarda Ermənistanın imitasiyalarına imkan verilməsi cəmiyyətimizin vasitəçilik mandatına bəslədiyi ümid və inamı heçə endirib.
Beynəlxalq missiyanın səylərinə inamsızlıq və şübhələr üçün, təəssüf ki, səbəblər bununla bitmir. Hətta hipotetik səviyyədə qeyri-mümkün hesab etdiyimiz ehtimallar, nə qədər acı olsa da, reallıq imiş. Üç həmsədr ölkədən biri olan Fransanın dövlət başçısı “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa və BMT qətnamələrinə, tərəfsiz vasitəçilik öhdəliyinə zidd olan bəyanat səsləndirirsə, bu, artıq ikili standartın, ədalətsizliyin və işğalçının yanında yer almağın nümayişidir.
Prezident İlham Əliyevin “Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik” bəyanatı Azərbaycan dövləti və xalqının ədalətli mövqeyinin ifadəsi və haqlı etirazıdır.
Uzun illər ərzində Ermənistanı şirnikləndirib işğal və ilhaq siyasətini davam etdirməyə, yeni siyasi-hərbi təxribatlara həvəsləndirən və təhrik edən, bəlkə, həm də bağlı qapılar arxasında nə zamansa bildirilən bu cür mövqe və bəyanatlar imiş.
Paşinyanın BBC-yə verdiyi müsahibədə hətta BMT-nin məlum qətnamələrini şübhə altına almaq cəsarəti, görünür, həm də bu mənada səbəbsiz deyil. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa kimi mütərəqqi Avropa dövlətindən gələn, amma mütərəqqiliyə, haqq və ədalətə heç bir aidiyyəti olmayan bu cür bəyanatlar beynəlxalq hüququn aliliyinə bəslənilən inama ciddi kölgə salmaya bilməz.
Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələrini məğlub vəziyyətə saldığı bir şəraitdə, Rusiya, ABŞ və həmin Fransanın dövlət başçıları sərt bəyanatla çıxış edib tərəfləri yenidən danışıqlara səsləyirlər.
Erməni lobbisi ABŞ Nümayəndələr Palatasının müzakirəsinə 1165 nömrəli qətnaməni çıxarmağa cəhd edir, Rusiyanın baş nazirinin isə Ermənistana səfəri haqda məlumatlar yayılır. Cənab Vladimir Putinin rəhbərliyi dövründə dünya miqyasında siyasi nüfuzunu bərpa edə bilmiş Rusiyanın dövlət başçısının telefon danışıqlarında Paşinyana nə dediyi bizlərə dəqiq məlum olmasa da, Kremlin bugünədək sərgilədiyi mövqe Paşinyan hakimiyyətinin əsl mahiyyətinə bələdliyin ifadəsi kimi də qəbul oluna bilər.
Rusiya rəsmiləri üçün sirr deyil ki, Paşinyan hakimiyyətə gəlişinə görə fərqli siyasi ünvana borcludur və məhz o ünvan qarşısında üzərinə götürdüyü konkret öhdəlikləri var. Onun Ermənistana rəhbərliyi dövründə rus dili və mədəniyyətinə, rus mediasına, V.Putinin şəxsi dostlarına göstərdiyi münasibət, yəqin ki, diqqətdən yayınmayıb və unudulmayıb.
Rusiyanın aparıcı təbliğat ruporlarından biri olan Marqarita Simonyanın Ermənistanın iyul ayındakı təxribatından dərhal sonra Paşinyanın anti-Rusiya siyasətini açıq şəkildə ifşa edən ictimai mesajı da, yəqin ki, yaddan çıxmayıb.
İnanmaq istərdik ki, bütün bunlar və ictimailəşdirilməyən bir çox məqamlar, Paşinyanın xarici nümayəndəlik ofisinə çevrilmiş hakimiyyətinin güddüyü əsl maraqlar Rusiya rəsmilərinə daha yaxşı məlumdur.
Kremlin rəsmi təbliğatının aparıcı simalarından biri olan, qatı ermənipərəst mövqeyi ilə seçilən V.Solovyovun bir neçə il əvvəl Prezident İlham Əliyevlə iki saatlıq görüşündən sonra internet məkanında paylaşdığı epizodu xatırlatmaq, yəqin ki, oxucular üçün maraqlı olar.
Jurnalistin paylaşdığı epizod məzmun etibarı ilə belədir: onun Rusiyanın etibarlılıq mövqeyinə Azərbaycanın inamı ilə bağlı marağına Prezident cənab İlham Əliyev belə cavab verir ki, Putin heç vaxt xəyanət etməz. Cənab V.Putinin hansı seçimi edəcəyini isə yaxın zaman göstərəcək. Bu seçimin cəmiyyətimizdə olan haqlı suallara rəğmən, ədalətə söykənəcəyinə ümid edirik.
Rusiyanın bölgəmizdə olan maraqları danılmazdır. Azərbaycan hakimiyyəti Ulu Öndər Heydər Əliyev dönəmindən bugünədək, hər zaman bunu nəzərə alıb və hörmətlə yanaşıb. Müstəqil və suveren dövlətçilik yolunu tutan Azərbaycan Rusiya ilə etibarlı və səmimi münasibət tərəfdarı olduğunu təkcə sözdə deyil, Ermənistandan fərqli olaraq, yürütdüyü siyasətdə və əməldə sübut edib.
Rusiya Baş nazirinin Ermənistana səfəri ilə bağlı məlumat yayıldıqdan sonra, Türkiyə Xarici İşlər naziri cənab Mövlud Cavuşoğlunun Azərbaycana səfərinə Ermənistan hakimiyyəti xəbis xislətlərinə və çirkin niyyətlərinə uyğun olaraq qərəzli çalar verməyə cəhd edir. Bu məkrli avantüranın məqsədi odur ki, Rusiya və Türkiyə kimi siyasi nüfuz sahibləri üz-üzə qoyulsun. Lakin anlamırlar ki, Ermənistan kimi ölkələr Türkiyə və Rusiya kimi böyük dövlətləri öz çirkin avantüralarının alətinə çevirə bilmək üçün çox kiçikdirlər. Adətən, böyük siyasətdə bu cür kiçiklər böyüklərin alətinə çevrilir.
Paşinyanın siyasi hakimiyyətinin timsalında bunun şahidləriyik. İnanmaq istərdik ki, Rusiya kimi böyük dövlət də Paşinyanın xarici istehsal ştamplı alət olduğuna uyğun dəyər verəcək.
Prezident İlham Əliyevin “Türkiyə həm Yaxın Şərq bölgəsində, həm də Qafqaz bölgəsində sabitləşdirici rol oynayır” fikri hörmət və ehtiramla, praqmatik yanaşma ilə qarşılanacaq. Cənab İlham Əliyevin “Rusiya və Türkiyə uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradan əsas dövlətlərdir” açıqlaması Azərbaycan dövlətinin dəyişməz və stabil mövqeyinin, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq münasibətlərinə sadiqliyinin ifadəsidir.
O ki, qaldı atəşkəsə və danışıqlara çağırışlara, işğalçıya vaxt verilməsi məsələsinə, Ermənistanın siyasi hakimiyyətinin yalançı və təcavüzkar mahiyyətindən hər birimizdən daha çox məlumatlı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu açıqlaması ən ədalətli cavabdır:
“Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar, bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar?”
30 il ərzində işğal faktına, danışıq imitasiyasına səbr və dözümlə yanaşan Azərbaycan dövləti və xalqı sadəlövh olmaq fikrində deyil. Bu, mövcud reallıqlar şəraitində ən ədalətli mövqe, ən haqlı seçimdir.
Ülvi Quliyev
Milli Məclisin deputatı