Azərbaycan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində əks-hücum əməliyyatının başlamasından 10 gündən çox vaxt keçib. İndi qüvvələrin gücü nəhayət aydınlaşdıqda, nizamlamada iştirak etmək istəyən diplomatlar və vasitəçilər fəallaşıblar. Bunların arasında öz nizamlama planını təklif edən İran da var. Yeri gəlmişkən, İran İslam Respublikasının həm dini, həm də siyasi liderləri bildiriblər ki, Azərbaycan ərazilərindəki erməni işğalına son qoyulmalıdır.
Tanınmış rusiyalı şərqşünas, politoloq Səid Qafurov Media.Az-a verdiyi müsahibəsində qeyd edib ki, İran müzakirəçi tərəf olaraq digərlərindən nə daha pis, nə daha yaxşıdır:
– Əgər konfliktin bütün iştirakçılarının və barışıq üçün vasitəçi tərəflərin siyasi həll yolu varsa, niyə bunu iranlıların köməyi ilə etməyək? İranın təklifi təzyiq kimi deyil, nəzakət kimi qiymətləndirilməlidir.
Qeyd etmək istərdim ki, İranın İrəvanla uzun müddət xüsusi münasibətləri olub, lakin erməni tərəfi şiələrin əleyhinə açıq şəkildə bəyanatlar verməyə başladıqdan sonra Tehran özünü təhqir olunmuş hiss etdi. Həzrət Məhəmmədin ailə üzvləri haqqında bəzi şeylər deyildi, hansı ki, orada azərbaycanlılardan da bəhs olundu. Bunları dilimə gətirməyəcəm. Bununla yanaşı, ermənilər yüksək sivilizasiyanın nümayəndələri – arilər kimi təqdim edildi. İranda peyğəmbərin ailəsinə birbaşa təhqirlər, əlbəttə ki, son dərəcə ağrılı qəbul olundu. Yenə də İran qan tökülməsini dayandırmaq üçün nizamlanmada vasitəçilik təklif edərək xoş niyyət göstərdi.
Fikrimcə İran öz siyasi iradəsini tətbiq etməyə hazırlaşmır. Bəli, İranın Ermənistan-Azərbaycan münaqişəsinə fərqli münasibəti var. Ancaq Tehran sadəcə qonşularını barışdırmağa çalışaraq müzakirə variantları təklif edir.
Ümumilikdə, hər şey döyüş meydanında həll olunur. Artıq Azərbaycana düşmən olan orduda dəhşətli korrupsiya aşkarlanıb. Onların sadəcə olaraq, döyüş sursatları, atacaqları nələrsə yoxdur, bu tamamilə uğursuzluqdur. Azərbaycanda isə vəziyyət başqadır. Ölkə zəngindir, qonşuları ilə düşmənçilik etmir. Ermənistan isə bütün qonşu dövlətlərlə mübahisə etdi. Ermənistana qarşı inciklik hiss etməyən yoxdur. Ancaq demək istəyirəm və bu vacibdir. Azərbaycanlılar və ermənilər yan-yana yaşayırlar və yaşayacaqlar. Onların tarixi və coğrafiyası belə qurulub. İnsanlar muğamın Şuşaya qayıtmasını istəyirlər. Biz anlamalıyıq ki, erməni xalqının və Ermənistan rəhbərliyinin fikirləri fərqlidir.