Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “The Connect World” verilişində müsahibəsi yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?
-Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.
-Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansı növ türk avadanlığı var cənab Prezident?
-Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq.
-Yaxşı, icazənizlə Sizə bu sualı verim. Biz ən azından sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?
-Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən…
-Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını birmənalı şəkildə deyirsiniz?
-Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir.
-Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?
-Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük.
-Hazırda sizin yürütdüyünüz kampaniyanın məqsədlərini açıq şəkildə bəyan edə bilərsinizmi?
-Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur.
-Hərbçilər arasında nə qədər itkiniz var?
-Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədə demişəm. Biz toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatı açıqlayacağıq.
-Siz bütün Dağlıq Qarabağı, mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz?
-Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini əhatə edən yeddi rayondan danışırıq. Çünki Ermənistan nəinki təkcə Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır. Dağlıq Qarabağa gəldikdə, biz hesab edirik ki, – bu, dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, – müharibə bitəndən, işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olan istənilən digər ölkədə olduğu kimi, Dağlıq Qarabağdakı ermənilər və azərbaycanlılar yan-yana yaşayacaq və əminəm ki, bir gün onlar bir-birinə yaxşı qonşu olacaqlar.
-Ermənistan prezidenti sizin qoşunların Dağlıq Qarabağdan çıxarılması ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasına dair tələbinizin münaqişənizin “Dağlıq Qarabağ respublikası” ilə olduğu üçün onlara təqdim edilməli olduğunu mənə deyib. O təkid edir ki, Dağlıq Qarabağda ermənilərin min illər boyu yaşadığına görə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, Qarabağ Azərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyə bilərsiniz?
-Əvvəla…
-Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları geri götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər.
-Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır.
Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir.
-Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistan prezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizin haqqınızda eyni şeyləri deyib.
-İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz.
-Mən deməliyəm, hazırda hər bir tərəf bir-birini təhqir edir. Azərbaycan beynəlxalq vasitəçiliyi necə qəbul edərdi və hərbi əməliyyatı dayandırardı? Sizin bu barədə son sözünüz nədir?
-Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada “fəaliyyət” göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.
-Siz bununla bağlı Vaşinqtonla təmasda olmusunuzmu? Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biridir.
-Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3 ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, 3 ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir.
-Sizdən soruşa bilərəm siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yoxsa Tramp administrasiyası ilə? Məsələn, Ermənistan prezidenti bizə Robert Obraynla danışdıqlarını söylədi.
-Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O, Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhət görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin.
-Sual bu deyildi, cənab. Sual belə idi ki, Siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yaxud Tramp administrasiyası ilə?
-Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilə danışırıq. Əslində, onlar bizimlə əlaqə saxladılar. Mən Xarici İşlər Nazirliyimizə, Administrasiyama bizə zəng edən, mövqeyini ifadə etmək istəyən və necə irəliləməklə bağlı fikirlərini ifadə edən hər kəslə təmasda olmaları üçün göstərişlər vermişəm. Lakin faktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heç fərqi yoxdur. Çünki bizim üçün bu, istənilən halda ABŞ administrasiyasıdır.
-Sizin fikrinizcə, Vaşinqtonun mövqeyi necədir?
-Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatıma istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad etməmişəm. Qarşı çıxan Ermənistandır.
-Gəlin, onda Rusiyanın mövqeyinə nəzər salaq. Çünki indi müzakirə etdiklərimizdən Vaşinqtonun mövqeyinin necə olması mənim üçün aydın olmadı. Gəlin, Rusiyanın mövqeyinə nəzər salaq. Kremlin sözçüsü Dmitri Peskov dedi ki, “Biz regiondakı vəziyyətdən çox narahatıq. Hesab edirik ki, tərəflər atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidirlər”. Onlar sizin danışıqlar masasına oturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü faciə adlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinlə şəxsən danışdınız. O, Sizə nə dedi? Rusiya üçün burada qırmızı xətt haradadır?
-Mən Prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilə təbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o. Hər il biz bir-birimizi ad günü münasibətilə təbrik edirik. Onun ad gününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görə də əlbəttə ki, biz bu məsələni müzakirə etdik və bizim mətbuat xidmətimiz bununla bağlı press-reliz yayıb. Düşünürəm ki, mənim mətbuatda açıqlanandan daha çox nə isə deməyim doğru olmaz.
-Kaş ki, deyərdiniz. Siz Moskvanın sülh danışıqları üçün müraciətini səciyyələndirməyə hazırsınızmı?
-Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.
-Başa düşdüyüm qədərilə, Rusiyanın mövqeyi belə deyil. Onlar deyir hər iki tərəf atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidir.
-Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox.
-Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə olacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni haraya aparacaq?
-O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna qarşı çıxır.
-Mən “Amnesty International”ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. “Amnesty”nin iddialarına necə cavab verərdiniz?
-Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. Onların “Smerç”dən, “Elbrus”dan, “Toçka U”dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar – Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə “Amnesty International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur.
-İcazə verin, bununla bağlı deyim. Siz qəti şəkildə deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən istifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunu yoxlamasına icazə verməyə hazırsınızmı?
-Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq.
-Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. Mən Sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar edirsiniz, elədirmi?
-Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz bu sualı Ermənistan prezidentinə vermisinizmi?
-Həmin vaxt bizdə belə məlumat yox idi.
-Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy “Amnesty International” ondan nə etdiklərini soruşsun.
-Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. Mən Sizdən soruşuram.
-Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim. Xeyr! Ondan soruşun.
-Soruşaram. Təşəkkür edirəm, cənab.