Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalına müsahibəsində bildirib.
Ölkə başçısı qeyd edib ki, müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir:
“Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün – azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə – qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik”.
Prezident jurnalistin ünvanladığı “25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?” sualına belə cavab verib:
“Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır. Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir”.