Prezident: “Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq”

Siyasət

“Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz.

Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın RBK telekanalına müsahibəsində bildirib.

Dağıdılmış şəhər və kəndlərin bərpa ediləcəyini vurğulayan dövlətimizin başçısı deyib:

“Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar.

İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin.

O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik.

Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir