Prezidentin köməkçisi: “500 mindən artıq sakini olan şəhərə ballistik raket atılması vandalizmdir”

Siyasət

İlk gündən ANAMA-nın operativ axtarış qrupları bu ərazilərdə əməliyyatlar aparmağa başlayıb. Bu günə qədər zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O bildirib ki, həmin gecə eyni vaxtda bizim operativ əməliyyat qrupları həm Gəncəyə, həm də Mingəçevirə göndərilib:

“Birinci raket Gəncəyə düşüb. İki gün ərzində ANAMA-nın əməliyyat qrupları, polis əməkdaşları və FHN əməkdaşları tərəfindən axtarılan raket qalıqları ilə Mingəçevirə düşən raket qalıqları eynidir. Raketin ən son qalıqları bu gün Mingəçevirdə tapıldı. Biz onu sizə təqdim edəcəyik. Qalıqların üzərində 8K-14 yazısı qeyd olunub. Bu bizə dəqiq onu deməyə imkan verir ki, bu ballistik raket “Elbrus” (NATO təsnifatına görə SCUD) sistemindən atılıb”.

Q.Əhmədov “Elbrus” tipli raket sistemi barədə də məlumat verib:

“Elbrus” tipli raketin uzunluğu 11,2 metr olur. Tərkibində 700 kq partladıcı tenti olur. Uçuş məsafəsi 300 kilometr, diametri 88 sm olan raket çox ağır fəsadlara gətirib çıxara bilir”.

H.Hacıyev isə bildirib ki, “Elbrus” sistemi NATO adı SCUD adlanır:

“Orta mənzilli ballistik raket öz nüvə başlıqlarını da üzərində daşıya bilir. Son dövrlər dünyada baş verən hərbi əməliyyatlara nəzər salsaq, görərik ki, çox unikal haldır ki, 500 mindən artıq sakini olan şəhərin, əhalinin kompakt yaşadığı hissəsinə ballistik, böyük bir dağıdıcı gücə malik olan raket atılıb. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qarşısında hər hansı mənəvi dəyərlər yoxdur. Biz bunu bir daha vandalizm və barbarizm kimi qiymətləndiririk”.

Fərdin İsazadə

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir