Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaranan problemlər təkcə qaçqın axını ilə bağlı deyil.
Hazırda müharibədən zərər çəkən insanların psixoloji dəstək də daxil olmaqla müxtəlif sahələr üzrə köməyə ehtiyacı var.
Ukraynadakı müharibə azərbaycanlı ailələrdən də yan keçməyib, bombardmanlar nəticəsində ölənlər də var. Bəs reabilitasiyaya ehtiyacı olan əcnəbi ölkələrin uşaqlarına necə, rast gəlinirmi?
“Svoboda” Ümum-Ukrayna Assosiasiyasının siyasi partiyasının üzvü, Rovno Vilayət Radasının deputatı, Rovno şəhər əlillik və dayaq-hərəkət sistemi pozğunluğu olan şəxslərin və uşaqların kompleks reabilitasiyası şöbəsinin müdiri Olqa Şustik Oxu.Az-a açıqlamasında bildirib ki, onlar uşaqları milliyyətinə görə ayırmırlar.
“Uşağın anasının ukraynalı, atasının azərbaycanlı olması heç nəyi dəyişmir, onlar hamısı bizim övladlarımızdır! Onların hansı millətdən olmasının heç bir fərqi yoxdur”.
Olqa Şustik söyləyib ki, siyasətlə məşğul olması və Rovno Vilayət Radasında təmsilçiliyi ona bəzi layihələrin sürətləndirilməsində yardımçı olur:
“Mən rovnoluyam, burada məni hamı tanıyır və kömək edir”.
O.Şustik Azərbaycanın Ukraynaya növbəti humanitar yardımına toxunaraq əlavə edib ki, bu siyahıya Polşa, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Kanada, Almaniya və digər sadalamadığı ölkələr də daxildir:
“Onların hamısının adını çəkib bitirə bilməyəcəm. Ayrıca olaraq bir çox ölkələr uşaqlarımızı qəbul edib, onları evlə, yeməklə təmin ediblər. Dəstəklərinə görə dünya ölkələrinə təşəkkür edirik, Azərbaycan xalqına təşəkkür edirik. Bu yardım bizim üçün əvəzsizdir. Bundan əlavə, mən Rovnodakı Azərbaycan diasporunun nümayəndələri ilə tanışam – bu şəxslər ziyalı, mədəni insanlardır. Onlar nəinki indiki çətin vəziyyətdə, əvvəllər də bizim “Krok” (“Addım”) mərkəzimizə yardım göstəriblər”.
O.Şustik əlavə edib ki, istər indi, istərsə də müharibədən sonra onlar psixoloji travma almış insanların müraciət üçün axın edəcəklərini nəzərə alırlar.
“Biz ilk növbədə qələbəmizi gözləyirik və hər yeni gün bizi ona daha da yaxınlaşdırır. Amma təbii ki, ilk növbədə psixoloji travma almış uşaqların, hətta böyüklərin belə böyük axınına tam hazır olmaq çətindir. Biz bilirik ki, çətinliklərlə üzləşəcəyik, lakin bütün mütəxəssislərimiz artıq böyük geri dönüşə və çoxlu işə hazırlaşırlar. Biz böyüklərin hava zərbələri elan edilərkən sirenaların səsinə necə reaksiya verdiklərini gördük, uşaqlar isə daha çox qorxurlar, çünki onlara valideynlərinin keçirdikləri qorxular əlavə olunur. Uşağın emosional vəziyyətinin 70%-i anasının davranışından asılıdır. Beləliklə, kompleks işləmək lazımdır – həm analarla, həm də uşaqlarla. Və bu, bir il çəkməyəcək”.
Nair Əliyev
www.RIA24.az