“Beş ilin tamamlanmasına altı ay qalmış tərəflərdən hansısa biri sülhməramlıların həmin ərazidə yerləşdirilməsinə ehtiyac olmadığını bəyan edərsə, proses dayanacaq, onlar Qarabağdan çıxacaqlar. Lakin təxribatların bu dərəcə genişlənməsini görəndə bizdə belə bir təsəvvür yaranır ki, bütün bunlar Noyabr razılaşmasına əməl edilməsini önləmək üçün bilərəkdən edilir. Ona görə də dünənki əməliyyatla niyyətimizin konkret olduğunu, təxribatların qarşısını almaqda qətiyyətimizi göstərdik”.
Bu sözləri Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib. Mütəxəssis “Qisas” əməliyyatıyla bağlı Oxu.Az-la həmsöhbət olub.
– “Qisas” əməliyyatına hansı zərurətdən başladıq?
– Son bir ayda kifayət qədər təxribat əməlinin şahidi olduq. Üstəlik, bu təxribat yalnız Ermənistan-Azərbaycan şərti dövlət sərhədində deyil, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən də həyata keçirilirdi. Ona görə də istər-istəməz obyektiv fikir formalaşırdı ki, mütləq şəkildə antiterror əməliyyatının keçirilməsi gündəmə gələcək. Yəni bu addım gözlənilən idi. Dünən növbəti təxribat nəticəsində əsgərimiz şəhid oldu. Biz isə bu cür əməliyyat keçirməklə özbaşınalıqlara, terror təhdidlərinə göz yummayacağımızı ortaya qoyuruq. “Qisas” – ciddi və dəqiq hesablanmış əməliyyatdır, nəticəsi də göz qabağındadır.
– Hadisələrin gedişatını necə proqnozlaşdırırsınız? Ermənistanın dəstək göstərmək ehtimalı varmı?
– Ermənistan, onsuz da, dolayı yolla oradakı separatçılara dəstək verir. Bu, faktdır. Doğrudur, Ermənistandan gələn çağırışçıların geri qaytarılması barədə açıqlamalar gördük. Hətta dünən-srağagün Ermənistanın açıqlamasında belə bir məqam qeyd olunurdu ki, onlar son çağırışçıları avqust ayında çıxarmalı olsalar da, Azərbaycan tərəfinin tələbi ilə prosesi daha tez həyata keçiriblər. Lakin onların dedikləri ilə hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarımızda yaşananlar fərqli şeylərdir. Yəni açıqlamalarla real mənzərə ziddiyyət təşkil edir.
Orada əlisilahlı heç bir erməni əsgəri qala bilməz. Çünki ortada Noyabr razılaşması var və bunun nəticəsi olaraq biz növbəti mərhələdə sülh müqaviləsinin imzalanmasına hazırlaşırıq. Əgər bizim ərazilərdə hansısa separatçı qüvvələr qalırsa və onlar həm ərazi bütövlüyümüzə, həm də Azərbaycan əsgərinin həyatına təhdid formalaşdırırlarsa, aydın məsələdir ki, sülh yerinə əməliyyatların keçirilməsinin şahidi olacağıq.
Maraqlı başqa bir məqama da toxunmaq istəyirəm. Dünən rəsmi “Khankendi, Azerbaijan” səhifəsində ermənilərə erməni dilində müraciət edildi, Xankəndi sakinləri separatçıları tərksilah etməyə çağırıldılar. Bu, çox gözəl, maraqlı bir addım idi.
Çünki separatçı ünsürlərə dəstək vermək bizi sülh prosesindən daha da uzaqlaşdırır. Belə etməklə heç nəyə nail olmaq mümkün deyil. Təbii ki, prosesin uzanmasını istəyən kənar qüvvələr var, onlar bu prosesin baş tutmamasının tərəfdarıdırlar. Amma bilməlidirlər ki, bizim 44 günlük Vətən müharibəsindən sonra formalaşdırdığımız reallıq var. Bu, torpaqlarımızın azad olunması, bölgədə yeni geosiyasi düzənin qurulması reallığıdır. Onlarla nə qədər razılaşmasalar, əməliyyatlar bir o qədər təkrarlanacaq.
– Bəs Ukrayna ilə müharibəyə başı qarışan Rusiyanın mövcud duruma reaksiyası necə olacaq?
– Rusiyanın Noyabr razılaşmasıyla üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəliklərə əməl edilməlidir. Azərbaycan və Rusiya strateji məsələlərdə bir-birinə müttəfiq ölkələrdir. Ona görə də Azərbaycan hər zaman müttəfiqlikdən irəli gələn addımlar atıb. Belə olan halda, normal olaraq bizim Noyabr razılaşmasında əksini tapmış bəndlərin icrasıyla bağlı gözləntilərimiz var.
Son bir ayda əsas müzakirə predmetlərindən biri Laçın dəhlizidir. Bu öhdəliklər yerinə yetirilməlidir, bizim istəyimiz sadəcə budur. Mənə elə gəlir ki, Rusiya Azərbaycan kimi ciddi strateji müttəfiqiylə münasibətlərinə önəm verərək müəyyən mənada öhdəliklərini yerinə yetirəcək.
– Erməni separatçılarını Qarabağdan tam çıxarmaq niyyətindəyik. Belə olan təqdirdə sülhməramlılara ehtiyac qalır? Onların fəaliyyətində nə kimi dəyişikliklər gözlənilir?
– Erməni tərəfi də, bölgədə marağı olan digər ölkələr də gözəl bilirlər ki, əgər Qarabağ ərazisində bir nəfər də separatçı qalmasa, hər hansı bir üçüncü ölkənin sülhməramlı kimi mövcudluğuna ehtiyac olmayacaq. Çünki bu gün bizim hədəfimiz Qarabağın daxilində yaşayan sadə erməni əhali deyil, hədəfimiz əlində silah tutaraq bizim ərazi bütövlüyümüzə və əsgərlərimizə təhdid təşkil edən terrorçu ünsürlərdir. Əgər onlar olmasalar, sülhməramlıya ehtiyac qalmayacaq. Sadəcə, ortada beş illik müddət məsələsi var və həmin müddət ərzində, əvvəldə də bildirdiyim kimi, müttəfiqlər Noyabr razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməklə sülh müqaviləsinə doğru getməlidirlər.
– Prosesin nə qədər davam edəcəyini düşünürsünüz?
– Əməliyyatlar mərhələli gedəcək. “Qisas” əməliyyatı ilə kifayət qədər ciddi yüksəkliklər nəzarətimizdədir. Sülhməramlıların müvəqqəti nəzarətində olan müxtəlif nöqtələrdə cəmləşmiş separatçılara dəqiq zərbələr endirmişik. Bundan sonrakı mərhələdə də aktivlik olsa, terrorçuların ərazilərimizdən çıxarılmadığını görsək, antiterror əməliyyatının davam etməsinin şahidi olacağıq.
Sayad Həsənli
www.RIA24.az