Ermənistanın işğalçı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini və mülki obyektlərini atəşə tutmağa davam edir. Bu, müttəfiq adlandırdıqları Rusiyaya qarşı hörmətsizlik deyilmi?
Rusiya Regional və Siyasi-İqtisadi Problemlər İnstitutunun direktoru, siyasi elmlər namizədi Tofiq Əzimov bununla bağlı Media.Az-a şərh verib. Onun sözlərinə görə, müharibə vəziyyətində bu gözləniləndir:
“Müharibə gedir, ancaq müharibədə, bildiyiniz kimi, qaydalar yoxdur və insan təxribatlara, yalanlara və xəyanətlərə hazır olmalıdır”.
Tofiq Əzimov heç kimin Azərbaycandan qəti addımlar gözləmədiyini, hamının “status-kvo” sözünə öyrəşdiyini vurğuladı:
“Status-kvo ilkin vəziyyətə qayıtmaqdır və ilkin vəziyyət Azərbaycanın ərazi bütövlüyüdür. Bəs məsələ nədədir? Sadəcə hər kəsin öz doğrusu var, əsl həqiqət heç kimi maraqlandırmır. Əvvəl kimin atəş etməsi heç kimi maraqlandırmır. Hamı qalibin kim olacağı ilə maraqlanır, çünki qaliblər mühakimə olunmur”.
O, Azərbaycan Prezidenti İlham Əliyevin müharibə istəmədiyini, tərəfdaşların, dostların, ədalət ümidi ilə otuz il ona müqavimət göstərdiyini xatırladaraq, artıq hər şeyin sona çatdığını dedi:
“Uzaq 90-cı illərdə heç kim Ermənistanın Dağlıq Qarabağdan əlavə yeddi rayonu işğal etdiyinə görə qəzəblənmirdi və Azərbaycan onları geri qaytardıqda heç kim (təbii ki, Ermənistan istisna olmaqla) bundan qəzəblənməyəcək”.
“İlham Əliyevin yalnız bir işi var – sona kimi getmək. Rusiya Prezidenti Vladimir Putinin isə vəzifəsi daha çətindir – Rusiyanın müharibəyə cəlb olunmasına imkan verməmək. Buna görə Kremlin addımları ehtiyatlı və tarazlı olacaq, daha doğrusu, sakinlər üçün həmişə aydın olmayacaq. Axı itirəcəyi çox şey var…” – deyə o bildirib.