İtaliyanın “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Mario Marino kütləvi informasiya vasitələrinə Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq, Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.
Bu barədə Milli Məclisdən Oxu.Az-a verilən məlumatda qeyd olunub.
İtalyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib. Lakin Ermənistan tərəfindən atəşkəsin pozulması bu işğalçı ölkənin bir daha beynəlxalq hüquqa hörmət etmədiyini sübut edir.
İtaliyan senator vurğulayıb ki, İtaliya hökuməti Ermənistanın bu vəhşi və müharibə cinayəti hərəkətlərini qəti şəkildə pisləməli və Ermənistandan mülki əhalini atəşə tutmağı dayandırmasını, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb etməlidir.
İndoneziya Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon da bu günlərdə Azərbaycana dəstək verən bəyanatla çıxış edib.
Bəyanatda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.