Alayarımçıq jurnalist və siyasətçinin sonu

Siyasət

“Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyov oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və Ermənistanın baş naziri N.Paşinyandan Rusiyanın “RİA Novosti” agentliyi üçün videoformatda aldığı müsahibələri elə həmin gün paylaşdı.

Rusiyanın digər televiziya kanalları da hər iki müsahibədən videosüjetlərə xüsusi diqqət ayırdılar. Hətta qatı ermənipərəst mövqeyi ilə seçilən teleaparıcılar belə, iki dövlət başçısının siyasi yetkinlik və intellekt səviyyəsi arasındakı ciddi fərqi ictimai şəkildə etiraf etməyə məcbur oldular. Əslində, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iki dövlət başçısı arasında keçirilmiş ilk ictimai debatdan sonra, onların bir çoxu bu fərqi artıq görmüşdülər və Azərbaycan Prezidentinin dövlət xadimi kimi yüksək səviyyəsini hələ o zaman etiraf etmişdilər…

Bizlər üçün maraqlı olan isə, müsahibədə Paşinyanın deyəcəkləri idi. O, bir daha sübut etdi ki, real siyasətlə küçə siyasətinin göstəricisi olan populizm arasındakı fərqi hələ də dərk etməyib. Paşinyan, ilk növbədə, erməni auditoriyasına hesablanan siyasi ritorikadan istifadə edir, erməni cəmiyyətindəki daxili narazılıq və gərginliyi, panik əhval ruhiyyəni səngitmək məqsədini güdürdü. Elə bu səbəbdən, “Dağlıq Qarabağın erməni xalqı”, “Dağlıq Qarabağın özünümüdafiə ordusu”, “Dağlıq Qarabağın erməni xalqının öz müqəddəratını təyin etmək hüququ” kimi cəfəng siyasi ritorikadan aşırı dərəcədə istifadə edirdi. Paşinyanın hakimiyyətə gəlişindən sonra, xalqımız onun milli heysiyyatımıza toxunan bu cür siyasi avantüraları ilə dəfələrlə üzləşib. Bütün bunlar bəllidir. Müsahibə göstərdi ki, Paşinyan döyüş meydanında uğradığı məğlubiyyətlər səbəbindən düşdüyü vəziyyətə görə, sərgilədiyi populist fikirlərdən əl çəkmək niyyətində deyil. Lakin budəfəki ritorikası daha təhlükəli idi. O, iddia etdi ki, guya  Azərbaycan tərəfində Türkiyə hərbçiləri, eləcə də Suriyadan olan muzdlu terrorçular döyüşür. Paşinyanın bu avantürası iki məqsəd güdürdü: birincisi, öz hərbi məğlubiyyətlərini sığortalamaq üçün erməni cəmiyyətini sakitləşdirmək; ikincisi isə, nəyin bahasına olursa-olsun, NATO üzvü olan Türkiyənin iştirakı və sərhədlərində beynəlxalq terrorizm təhlükəsi adı altında Rusiyanı öz tərəfində açıq şəkildə hərbi münaqişəyə çəlb etmək…

Dövlətimizin başçısı “RİA Novosti”yə müsahibəsində Paşinyanın və təmsil etdiyi hakimiyyətin Dağlıq Qarabağla bağlı xülyalarına tarixi həqiqətə, beynəlxalq hüquqa söykənən dəlillər əsasında konkret cavab verdi: “Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır”. Cənab Prezident bir daha alicənablığını göstərdi, mənəvi dəyərlərin onun üçün xüsusi önəm daşıdığını nümayiş etdirdi. Ona görə də, Paşinyanın üzünə vurmadı ki, o, Ermənistan vətəndaşı olan öz oğlunu da Qarabağa, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan bölgəyə əsgərliyə göndərib və bununla həm beynəlxalq hüquq normalarını pozub, həm də işğal cinayətinə öz övladını da şərik edib. Prezident İlham Əliyevin erməni xülyasına da cavabı birmənalı və konkret oldu: “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”.

Paşinyanın müsahibədəki  avantürist uydurmasını da Prezidentimiz cavabsız qoymadı: “Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur… Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

Paşinyan isə, müsahibədə növbəti dəfə riyakarlıq edib etirafda bulunmadı ki, uzun illər ərzində məhz Ermənistan tərəfindən Suriya və Livandan, digər ölkələrdən olan etnik ermənilərin Qarabağa köçürülməsi və qanunsuz məskunlaşdırılması, etnik tərkibin dəyişdirilməsi və ilhaq siyasəti aparılır. Son döyüşlərdə Ermənistanın tərəfində əcnəbi muzdluların iştirakını isə eyni riyakarlıqla pərdələməyə cəhd etdi. Dedi ki, ola bilsin, erməni diasporundan dəstək üçün gələn əcnəbilər var.

Rusiyanın informasiya məkanında, bəzi televiziya proqramlarında müşahidə etdiklərimiz onu göstərir ki, Paşinyanın təhlükəli avantüralarına uymayan və inanmayan az olmasa da, inananlar və qərəzli şəkildə bunu təbliğ edənlər yetərincədir. Prezident İlham Əliyevin müsahibədə diplomatik tərzdə ifadə etdiyi “Sadəcə istərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur” açıqlaması məhz bu baxımdan təsadüfi deyildi.

Məsələn, oktyabrın 15-də, elə müsahibənin verildiyi gün, “60 minut” televiziya proqramının axşam buraxılışında aparıcılardan biri  “RİA Novosti” Agentliyinə istinadən “fake” məlumatı çoxmilyonlu tamaşaçı auditoriyasına çatdırdı. Dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev hazırda “RİA Novosti”yə müsahibə verir, o, Rusiyanı strateji tərəfdaş hesab etdiyini bildirməklə yanaşı, Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yerləşdiriləcəyini də  istisna etməyib (22-24-cü dəq.). Bu, qərəzli və məqsədli şəkildə yayılan yalan, uydurma məlumat idi. Bu həm də Paşinyanın təhlükəli avantürasını təbliğ edənlərin Rusiyanın informasiya məkanında varlığının təsdiqidir. Əgər “RİA Novosti”nin internet məkanında yaydığı 18 dəqiqə 31 saniyəlik süjetə və AZƏRTAC-ın rəsmi mətninə baxsaq, görərik ki, müsahibədə Türkiyənin hərbi bazası ilə bağlı ümumiyyətlə sual yoxdur. Bu, sözün əsl mənasında qara və məkrli təbliğatdır. Ən azından ona görə ki, Azərbaycan ərazisində qardaş Türkiyənin hərbi bazası həqiqətən də yoxdur və cənab Prezidentin oktyabrın 15-də Türkiyənin NTV kanalına verdiyi müsahibədə qeyd etdiyi kimi: “Bu haqda bu günə qədər bizim ikitərəfli əlaqələrdə məsələlər müzakirə olunmamışdır”.

Yeri gəlmişkən, Rusiyanın və Azərbaycanın rəsmi dairələrinə, Rusiyanın informasiya məkanına və dövlət strukturlarına ciddi təsir imkanına malik olan erməni lobbisinin nümayəndələrinə də yaxşı məlumdur ki, cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi, “Paşinyan Sorosun məhsuludur”. O, siyasi hakimiyyətə gəlişinə və hələ də hakimiyyətdə qala bilməsinə görə, yalnız həmin ünvana borcludur. Rusiyadakı erməni lobbisindən fərqli olaraq, Qərbdəki erməni diasporası Ermənistanın yaxın gələcəyini Rusiya ilə bağlamır. Elə ona görə də, Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının Qroznı və Volqoqradda bugünlərdə zərərsizləşdirdiyi terror mərkəzlərinin Türkiyə və Azərbaycana bağlamaq cəhdinin arxasında yalnız şəxsi avantürasının dayandığını ehtimal etmək, ən azı sadəlövhlük olardı. O da az inandırıcıdır ki, bu ciddi amil Rusiyanın dövlət qurumlarının diqqətindən yayınsın. Hər bir halda, görünən odur ki, Paşinyanın bu cür təhlükəli siyasi oyunlarına hələ də bilərəkdən inanmaq istəyən və bunu ictimai şüura məqsədli şəkildə aşılayanlar var. Təəssüf ki, belələri bu cür avantüraların doğuracağı regional təhlükənin miqyasını dəyərləndirə bilmir, Rusiya ilə Türkiyəni məqsədli şəkildə üz-üzə qoymaq kimi cəhdin arxasındakı əsl siyasi ünvanı görmək istəmirlər.

Bir tarixi həqiqət də var. Kim unutsa da, cəmiyyətimiz hələ də unutmayıb ki, 1988-ci ildə Qarabağda erməni separatizminin baş qaldıra, ayaq tutub yeriyə və bugünkü nəticənin ortaya çıxa bilməsinin səbəbkarı SSRİ-nin sonuncu siyasi rəhbərliyi, ilk və son prezidenti Mixail Qorbaçov olub. Onun bunu siyasi məsuliyyətsizlik ucbatından, yaxud sifariş əsasında etməsinin artıq elə bir əhəmiyyəti yoxdur. Maraqlıdır ki, o zaman Qorbaçovun köməkçilərindən üçü etnik erməni olan A.Aqanbekyan, S.Sitaryan və G.Şaxnazarov idilər. Artıq danılmaz faktdır ki, Sovetlər kimi böyük dövlətin süqutu məhz bu cür seperatist meyllərə, etnik zəmində münaqişələrə imkan verildiyinə görə baş tutdu.

Bunu o mənada yada salmadım ki, Azərbaycanda kimlərsə o dövrlər üçün xiffət edir. Bu, əsla belə deyil. Xalqımızın seçdiyi müstəqillik və suverenlik yolu əbədi və dönməzdir. Həmin tarixi faktı ona görə xatırlatdım ki, Prezident İlham Əliyevin “RİA Novosti”yə verdiyi müsahibədə qeyd etdiyi kimi: “Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bu cür vasitələr işə salınmışdı”.

Yəqin, yaxın qonşularımız da bu tarixi həqiqətə daha ciddi diqqət yetirər, ”bu anlayışın” Paşinyan kimi müasir nümayəndələrinin avantüralarına uymazlar. Özümüz üçün isə, onu yəqin etməliyik ki, nə qədər Azərbaycan vətəndaşı olan Qarabağ erməniləri Ermənistan hakimiyyətinin siyasi girovluğundadır,onları da azad etməyin yalnız bir yolu var…

Milli Məclisin deputatı

Ülvi Quliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir