Türkiyə-İsrail: Azərbaycan üçün üstünlük və “səfirlik stimulu” – ŞƏRH

Siyasət

Türkiyə ilə İsrail arasındakı münasibətlərin istiləşməsi diplomatik missiyaların bərpası ilə nəticələnir.

Avqustun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Yair Lapidin telefon danışığında iki ölkə arasındakı səfirliklərin və baş konsulluqların bərpa edilməsi qərarı müzakirə mövzusu olub.

Ərdoğan və Lapid bu qərarın verilməsinə görə bir-birlərini təbrik ediblər, indi tərəflər səfir təyinatı üzərində çalışırlar.

Artıq Türkiyə ilə İsrailin əlaqələrinin qarşısına keçən aysberqin görünməyən hissələri də əriməyə doğru gedir və bu, Ankara ilə Təl-Əvivi müştərək platforma formalaşdırmaq çağırışları qarşısında qoyur.

Həmin çağırışlar bir neçə istiqamət üzrə birgə maraq formalaşdıracaq:

1. Suriya məsələsində, İraqda Türkiyə ilə İsrailin koordinasiyalı fəaliyyəti baş tutacaq;

2. Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi təmsilçiliyi İsrail tərəfindən müsbət qarşılanacaq;

3. Şərqi Aralıq dənizindəki mübahisəli məsələlərin həllində Ankara Təl-Əvivin öz tərəfinə çəkilməsinə nail olmağa çalışacaq.

Amma bir problemdə Türkiyə ilə İsrailin ortaq məxrəcə gəlməsi çətin görünür, söhbət Fələstin münaqişəsindən gedir.

Türkiyə-İsrail münasibətlərindəki buxovların qırılması Azərbaycana da yeni üstünlüklər təqdim edir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, İsraillə strateji tərəfdaşlığı və hərbi-texniki əməkdaşlığı Ankara-Təl-Əviv münasibətləri zəminində fövqəladə dəyər qazanır.

Cənubi Qafqazdakı reallıqlar formalaşacaq Azərbaycan-Türkiyə-İsrail üçbucağına inteqrasiya ediləcək və təhdidlərin aradan qaldırılmasında üçtərəfli əməkdaşlıq güclənəcək.

Amma bir düyün hələ də açılmamış qalır – Azərbaycanın İsraildə səfirliyinin olmaması diplomatik təmaslarda cüzi də olsa, əngəllər yaradır.

Azərbaycanın İsraildə səfirlik açmamasının dəqiq səbəbləri ictaimiyyət üçün bəlli deyil, hərçənd ki, təhlükəsizliyə dair bəzi mülahizələr müzakirələr çərçivəsində səsləndirilir.

Türkiyənin İsraildə səfirliyinin fəaliyyətini bərpa etməsi Azərbaycan üçün də stimul olacaq.

Azərbaycanın İsraildə diplomatik nümayəndəlik qurmasına hazırlıq başlanılıb. 2022-ci ilin aprelin 8-də İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan lideri İlham Əliyevə göndərdiyi məktubun mətnində həmin ştrixlər var idi.

Hersoq bildirmişdi:

“İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.

Nəticə kimi vurğulaya bilərik ki, Türkiyə ilə İsrailin əlaqələrinin yüksək səviyyədə bərpası Azərbaycanın regional panoramadakı mövqelərini möhkəmləndirir.

Bu, regional əməkdaşlıqda yeni xətti formalaşdırır və gələcəkdə üçtərəfli əməkdaşlığın rəsmiləşdirilməsinə təkan verir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir