“Hakimiyyət uğrunda mübarizə Şuşanın, ardınca Laçının ermənilər tərəfindən işğalına gətirib çıxardı” – RƏY

Siyasət

“Laçın rayonu Ermənistanla Azərbaycanın sərhəd bölgələri içərisində ən yaxın məsafədə yerləşən rayonumuzdur. 1992-ci ilin may ayında Şuşanın işğal edilməsilə həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilər tərəfindən hücumlar nəticəsində Laçın şəhəri də işğal edildi. Laçında o zaman təxminən 62 min insan yaşayırdı. Həmin əhali Azərbaycanın 58 rayonuna didərgin salındı”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Laçını təmsil edən deputatı Mahir Abbaszadə bildirib. Onun sözlərinə görə, 1992-ci ildə Laçın şəhərinin işğal edilməsi əslində sonradan Qarabağın ermənilər yaşayan ərazisində erməni silahlı birləşmələrinin təşkilatlanmasına gətirib çıxardı:

“Nə qədər ki Laçın şəhərinin sərhədləri özünümüdafiə batalyonları, eyni zamanda polis şöbəsinin işçiləri tərəfindən qorunurdu, ermənilərin Qarabağa gediş-gəlişi çətinləşirdi. Hava xəttindən başqa, Qarabağa ermənilərdən bir nəfərin də gediş-gəlişi təmin edilmirdi. Ozamankı hakimiyyətin səriştəsizliyi, orduda vahid komandanlığın olmaması, ordu ilə xalq, xalqla hakimiyyət arasında olan böyük uçurum, eyni zamanda Azərbaycan ordusunun maddi-texniki bazasının zəif olması, Bakıda hakimiyyət uğrunda gedən mübarizələr, hakimiyyətin başının daxili çəkişmələrə qarışması nəticədə Şuşanın, onun ardınca Laçının ermənilər tərəfindən işğal olunmasına gətirib çıxardı”.

Deputat vurğulayıb ki, Laçın rayonunun Ermənistan tərəfindən işğal edilməsi özünün silahlı qüvvələrini və əlində olan qeyri-qanuni silahlı birləşmələrini Qarabağa yığmağa imkan verdi:

“Bundan sonra Ermənistan yeni xəyallara düşərək digər rayonlarımızın işğalını həyata keçirməyi bacardı. Yəni Laçın rayonunun de-fakto işğal edilməsi Ermənistana digər rayonlarımızın işğalı üçün münbit şərait yaratdı”.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov həmin dövrü acınacaqlı tarix adlandırıb:

“1980-ci illərin sonlarından yenidən başlayan erməni vandalizmi, Azərbaycanın ərazi bütövlüyünə qarşı olan təcavüz Qarabağ və onun ətrafında olan rayonlardan yan keçmədi. 1992-ci ilin mayın 18-də erməni quldur dəstələri Laçın rayonunu işğal etdilər. Bu, acınacaqlı bir tarix idi. Əhali özünümüdafiə dəstələri yaradaraq xırda çaplı ov tüfəngləri ilə öz yurdunu qorumağa başlasa da, həmin dövrdə ölkədə yaşanan siyasi böhran, hakimiyyət uğrunda mübarizə Qarabağ ətrafında gedən döyüşlərin daha da qızışmasına səbəb oldu”.

İ.İlyasov vurğulayıb ki, yerlərdə yaradılan özünümüdafiə dəstələri silah-sursatla təchiz edilmir, sadəcə bir qrup dəstə hakimiyyət uğrunda mübarizə aparırdı:

“Qarabağ kartından yalnız siyasi məqsədlər üçün istifadə edirdilər. Belə olan halda torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı artıq reallaşmağa başladı. AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün Mütəllibov hakimiyyətini devirmək istəyir, Mütəllibov hakimiyyəti də Rusiyanın diktəsi ilə hərəkət edirdi. Hakimiyyət uğrunda mübarizə yerli özünümüdafiə dəstələrinə yardım edilməməsinə gətirib çıxardı. Beləliklə ölkədə yaşanan siyasi böhran, hakimiyyət uğrunda mübarizə Laçın və digər rayonlarımızın işğalı ilə nəticələndi”.

Aysel Aslanqızı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir