Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hələ iyun ayında elan etdiyi Cənubi Qafqaz üzrə 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) əməkdaşlıq platformasının növbəti iclası hələ baş tutmayıb. Eyni zamanda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın sözlərinə görə, görüş Tehranda keçiriləcək.
Gürcüstan tərəfinin bu layihədə iştirak etməyəcəyini dəfələrlə bəyan etməsinə baxmayaraq, platforma hələ də “3+3” adlanır. Belə çıxır ki, platformada iştirak edən digər ölkələr Gürcüstanın üzvlüyünə hələ də ümid edirlər?
Oxu.Az-ın bu sualını cavablandıran gürcü siyasətçisi, “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava qeyd edib ki, rasional, məntiqi baxımdan Gürcüstan bu formatda böyük üstünlüklər görür:
– Təbii ki, bu, regionun iqtisadi sabitliyini təmin etməyə kömək edə bilər. Amma Tbilisi üçün bir əsas maneə var – ölkənin Rusiyanın işğalı altında olan əraziləri – Abxaziya və Sxinvali bölgəsi (qondarma Cənubi Osetiya). Bizim işğalçı ilə birlikdə müttəfiq formatda iştirak etməyimiz sadəcə olaraq mümkün deyil. Özü də bu, Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı deyil.
Ola bilsin ki, Moskva oliqarx Bidzina İvanişviliyə, ya Gürcüstanın rusiyapərəstliyinin güclənəcəyinə ümid edir və s. Amma nəzəri olaraq güman etsək ki, sabah hökumət Gürcüstanın “3+3” formatına razı olduğunu deyəcək, onda mən əminəm ki, bu hökumət 24 saatdan sonra devrilər.
Rusiya anlamalıdır ki, Abxaziya və Sxinvali regionunda Gürcüstan üçün müəyyən müsbət proseslərə başlamaq, “yol xəritəsi” yaratmaq lazımdır. Burada Azərbaycan, Türkiyənin və ola bilsin ki, İranın rolu çox önəmlidir. Regionun bütün ölkələri Gürcüstanın “3+3” platformasında iştirakında maraqlıdır. Ankara, Bakı və Tehranın Moskvaya təsir etmək, Rusiya ilə Gürcüstan arasında vasitəçilik etmək imkanı var.
Axı “Cənubi Osetiya” adlandırılan ərazi Rusiyanın nəyinə lazımdır? Çoxları buranın Moskvanın bir mikrorayonunun ərazisindən də az olduğunu bilmir. Buna görəmi Rusiya dost xalq və mühüm geosiyasi oyunçu olan Gürcüstanla münasibətləri kəsdi?
Bu məsələni fəal şəkildə müzakirə etmək lazımdır. Gürcüstan məlum səbəblərdən bunu edə bilməz. Qonşularımız isə başqa məsələ. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi nüfuzlu siyasətçilər bu məsələdə vasitəçi ola bilərlər. Bu hər kəs üçün yaxşı olar.
Nair Əliyev
www.RIA24.az