Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Siyasət

Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir