“Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar var” – RƏY

Siyasət

“Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2019-cu ildə hakimiyyətə gəlməsindən sonra Azərbaycana ilk rəsmi səfəridir:

“Bu səfər həm də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində reallaşıb. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Eyni zamanda əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb”.

E.Nəsirov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın “Altın kıran”- “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də səfərin yaddaqalan nüanslarındandır:

“Təltifetmə zamanı bildirildi ki, Azərbaycanın dövlət başçısına Qazaxıstanda çox böyük hörmət və izzət göstərirlər, o, görkəmli dövlət xadimidir. Eləcə də bütün dünyada tarixi zəfərə imza atan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin edən dövlət başçısı kimi qəbul edilir. Azərbaycan Prezidenti də çıxışında qeyd etdi ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik. Beləliklə, Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər var. Enerji təhlükəsizliyi məsələsi də xüsusi önəm kəsb edir”.

Deputat vurğulayıb ki, Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropa bazarına çıxarmaqda maraqlıdır:

“Bu, Qazaxıstanın öz enerji resurslarının şaxələndirilmiş şəkildə dünya bazarına çıxarılmasının mühüm tərkib hissəsidir. Azərbaycanın bu sahədəki təcrübəsi də Qazaxıstan üçün əhəmiyyətlidir. Odur ki, bütün səylərlə dost və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən fəailiyyətlərimizi davam etdirəcəyik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir