“Cafe AnderSon” Bakı şəbəkəsinin sahibi: “Brendin yaradıcısının ermənipərəst mövqeyini qəbul edə bilmərik”

Siyasət

Bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən “Cafe Anderson” kafe şəbəkəsinin yaradıcısı Anastasiya Tatulovanın “Instagram” səhifəsi üzərindən Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini paylaşması ciddi narazılıq doğurub. A.Tatulovanın ermənipərəst mövqeyi haqlı olaraq əhalinin narazılığına səbəb olub.

Artıq Bakıda fəaliyyət göstərən “Cafe AnderSon” kafesinin adının yazıldığı lövhə şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın ermənipərəst mövqeyinə görə söküldüyü ilə bağlı da məlumat vermişik.

Sözügedən kafe şəbəkəsinin Bakıdakı şöbəsinin rəhbərliyi mövcud paylaşımdan sonra bu brendlə bütün əlaqələrin və əməkdaşlığın tamamilə dayandırılacağını və onların franşizasından imtina olunduğunu bəyan edib.

Restoranın Bakı şöbəsinin rəhbəri Kamran Zeynalov məsələ ilə bağlı Oxu.Az-a qısa müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Bu biznesə başlayanda məlum brendin yaradıcının kimliyi ilə bağlı heç araşdırma aparmamışdınız?

– Bilirsiniz, maraqlanmaq deyəndə ki, Anastasiya Tatulova erməni deyil. Onun ata-anası da erməni deyil. Ailəlikcə rusdurlar. Onun keçmiş həyat yoldaşının anası erməni olub. Statusunda da yazıb ki, uşaqlarının qanında erməni qanı var. Həm də bu günə qədər onun ermənipərəst mövqe sərgilədiyinin şahidi olmamışam. O Rusiyada anadan olub, orda böyüyüyb. Biz də onu rus kimi tanımışıq. Bu posta qədər bənzər heç bir vəziyyətlə qarşılaşmamışıq.

– Bəs Anastasiya Tatulovanın “Instagram” üzərindən etdiyi paylaşımı görəndə reaksiyanız necə oldu? Dərhal məsələyə mövqe bildirib açıqlama paylaşdınız. Bəs birbaşa özü ilə əlaqə saxladınızmı?

– Bəli, bu postu görən kimi dərhal onunla əlaqə saxladıq. Şəxsən özüm birbaşa əlaqə saxladım və öz iradlarımı bildirdim. Anastasiya Tatulovanın Ermənistan-Azərbaycan arasındakı bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirməsi tərəfimizdən qəbuledilməz haldır. Ona görə də bu brendlə bütün əlaqələrimizi kəsdiyimizi və əməkdaşlığa tamamilə son verildiyini dedim. Onların franşizasından imtina etdiyimizi rəsmi surətdə bəyan etdik.

Düzdür, söhbət əsnasında iradlarımızı dinlədi və üzrxahlıq etdi. Əslində fikirlərini tam olaraq o cür ifadə etmək istəmədiyini dedi. Lakin, bizim üçün bunun artıq bir əhəmiyyəti yoxdur. Bizim danışığımızdan sonra postu sildi və növbəti üzrxahlıq postu da paylaşdı. Lakin bizim fikrimiz qətidir, birmənalı olaraq birtərəfli şəkildə franşizadan imtina etdik.

– Ümumiyyətlə bu günə qədər Anastasiya Tatulovanın Bakıdakı kafenin idarəsində və ya hər hansı başqa şəkildə rolu olubmu?

– Xeyr, A.Tatulovanın ümumiyyətlə kafe ilə heç bir əlaqəsi olmayıb. Biz ondan sadəcə franşizanı almışıq və beş illik müqavilə bağlamışdıq. Hazırda restoranımız üç ildir fəaliyyət göstərir. Müqavilənin bitməsinə iki il qalsa da, birtərəfli şəkildə xitam verdik.

– Bəs müddətdən əvvəl müqaviləyə xitam verdiyiniz üçün üzərinizə hansı öhdəliklər düşür?

-Bizim üzərimizə heç bir öhdəlik düşmür. Tam əksinə biz iddia qaldıracağıq və bizə dəymiş ziyana görə təzminat tələb edəcəyik. Hazırda bu brenddən imtina etmək bizə 20-30 min manata başa gələcək.

-Bu gün artıq “Cafe Anderson” lövhəsinin sökülməsi ilə bağlı məlumatlar paylaşılıb. Cəmiyyət tərəfindən dərhal reaksiya verilməsi müsbət qarşılanıb. Bəs sahibkar olaraq növbəti mərhələdə nə düşünürsünüz?

– Bəli, hazırda kafenin adı sökülür. Eyni zamanda hazırda kafedə “Anderson” adının qeyd olunduğu bütün lövhələr, qablar, yazılar, reklamlar və s. bütün detallar tam xırdalıqlarına qədər silinir. Dediyim yeni adın seçilməsi, reklamların hazırlanması, onun brend olaraq formalaşmasına, qab-qacaq servislərin yenilənməsi üçün kifayət qədər əlavə xərc tələb olunur.

-Bəs yeni brend üçün ad seçimisizmi? Alternativlər varmı?

-Əslində bir neçə variant hazırlamışıq. Lakin bütün hallarda bu barədə hələ heç nə demək istəmirəm. Çox güman ki, biz bunu sosial şəbəkədə paylaşacağıq və müştərilərimizin seçiminə buraxacağıq. Restoranımız daha gözəl adla öz fəaliyyətini qısa müddətdə bərpa edəcək.

Könül Cəfərli 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir