Zəngilan rayonunun Ağalı kəndində konfrans keçirilib – FOTO

Siyasət

Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirib.

Tədbirdən öncə konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə baş prokuror Kamran Əliyev açıb və çıxışı zamanı Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsini, evlərin müasir texnologiyalarla təchiz edilməsini, o cümlədən, ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləməni, soyqırımı siyasətini və hərbi təcavüzü, 1994-cü ildə ölkə əhalisinin hər yeddi nəfərindən birinin qaçqın və ya məcburi köçkün olmaqla digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirmiş və prokurorluq orqanları tərəfindən vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Həmçinin, konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “Erməni işğalı nəticəsində pozulmuş hüquqların müdafiəsində beynəlxalq hüququn səmərəliliyi” mövzusunda çıxış edib, ilk olaraq, doğma torpaqlarımızda, ələlxüsus Zəngilan rayonunda dövlət başçısının rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduğunu qeyd edib, daha sonra çıxışı zamanı beynəlxalq hüququn norma və prinsiplərinin işləməməsini, beynəlxalq təşkilatların fəaliyyətlərini formal şəkildə davam etdirməsini, Prezidentin inamı və xalqın dəstəyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsini vurğulayıb. Bununla bərabər, 1990-cı illərdən etibarən edilən səylərin nəticəsində dünyanın aparıcı təşkilatlarının münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin də bizə əlavə güc verdiyini, bunlarsız münaqişənin ətrafında cərəyan edən prosesləri nəzarət altında saxlamağın asan olamayacağını, hüquqi müdafiə vasitələrinin əhəmiyyətini nəzərə alaraq, A.Bağırov əlavə edib ki, Kollegiya tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə məcburi köçkün olan vətəndaşlarımızın mülkiyyət və əlaqəli hüquqlarının bərpası istiqamətində 2000-dən çox müraciətlər göndərilib. O cümlədən, yalnız cəbhədə deyil, həmçinin informasiya sahəsində gedən müharibədə Vəkillər Kollegiyası tərəfindən müharibə zamanı da, sonra da çoxsaylı hüquqi və faktiki cəhətdən əsaslandırılaraq hesabat xarakterli müraciətlər hazırlanıb. Həmçinin, Kollegiyanın dəstəyi ilə dünyaca tanınan, müstəqil ekspertlər də münaqişə ilə bağlı mötəbər hesabat tərtib ediblər və bunların hər biri beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlanıb.

A.Bağırov əminliklə qeyd edib ki, 44 günlük savaşda hərbi, iqtisadi, siyasi və mənəvi baxımdan darmadağın edilən Ermənistan törətdiyi əməllərinə görə cavab verəcək, müvafiq kompensasiya ödəməyə məcbur qalacaq: 

“İnanırıq ki, bundan sonra beynəlxalq hüquq daha işlək və səmərəli olacaq və Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozanlar, hərbi və digər cinayətlər törədənlər qanun qarşısında məsuliyyət daşıyacaqlar”.
 
O cümlədən, tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso “Məcburi köçkünlərin davamlı qayıdışları üçün ən yaxşı təcrübələr”, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Böyük Qayıdış: Repatriasiya prosesinin təşkili”, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov “Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının beynəlxalq məhkəmələr vasitəsilə bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən fəaliyyət”, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Qaçqın və keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlər”, baş prokurorun müavini Heydər Məmmədov “Azərbaycan ərazilərindən olan məcburi köçkünlərin beynəlxalq müstəvidə tanınmış hüquqları” mövzularında çıxışlar ediblər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmaqla QHT və KİV nümayəndələri, eləcə də Ağalı kənd sakini Möhübbət Səmədov fikirlərini bildirməklə mövzunun aktuallığını qeyd etmişlər. Konfrans çərçivəsində tədbir iştirakçıları “Ağıllı kənd” layihəsi əsasında inşa edilmiş Ağalı kəndi ilə tanış olub, qısa müddət ərzində sakinlər üçün ən müasir texnologiyalar əsasında yaradılmış şəraitdən məmnunluq ifadə edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir