Dünya siyasi nizamının dəyişdirilməsi cəhdləri və Azərbaycanın sərhəddə möhkəmlənməyinin əsasları – TƏHLİL

Siyasət

Azərbaycan-Ermənistan münasibətlərinin postmünaqişə mərhələsi böyük oyunçuların qlobal nizamı öz oxu ətrafından fırladıb çıxarmaq istədikləri dövrə təsadüf edir. 

Dünyaya gətirilməsi planlaşdırılan yeni “intizam” üçün sərf edilən resurslar barıt və qan qoxuyur, Rusiya-Ukrayna müharibəsi bəşəri təhdidlərin boy atıb böyüməsini şərtləndirən ilk addım oldu. 
Hadisələrin hara sıçrayacağı, kataklizmlərin altında hansı dövlətlərin qalacağı haqqında qorxulu təəssüratlar var, buna görə də dövlətlər preventiv tədbirlər kompleksini yenidən işləyib hazırlayırlar. 

Azərbaycan riskləri hesablayır 

Azərbaycan da Cənubi Qafqazdakı reallıqlarla qlobal güclərin tək qütb yaratmaq uğrundakı çəkişmələrini bir-birilə tutuşduraraq gözlənilən hər hansı nəticəyə qarşı strateji immunitet formalaşdırır. Bu aspektdən danışsaq, deyə bilərik ki, Bakı İrəvanla gündəliyini qlobal bünövrələrin laxladılmasına cəhdlər və bunun ortaya çıxara biləcəyi nəticələr kontekstində nəzərdən keçirir. Yəni Azərbaycan təhlükəsizlik mühitini qlobal və regional səviyyələrdə hazırda mövcud olan, gələcəkdə meydana çıxa biləcək müxtəlif qarşılıqlı əlaqəli amillər ilə müəyyən edir. 

Cənubi Qafqazda hər nə qədər yeni reallıqlar olsa da, qlobal aktorlar özlərinin maraqlarını həmin gerçəkliklərə inteqrasiya edərək şişirtmək əzmindən geri çəkilməyiblər, bu isə perspektivdə Ermənistan üçün fürsətə çevrilə bilmək risklərini aradan qaldırmır. Azərbaycan isə risk fatorlarını hesablayaraq Ermənistana dəstək verə biləcək mənbələrə tıxac vurur və sərhəddə möhkəmlənmə işlərini aparır. 

Bu, həm delimitasiya prosesinə töhfə xarakteri daşıyır, həm də İrəvanın hərbi təxribatlarının qarşısının alınması üçün müşahidə-kəşfiyyat potensialının artırılması mənasını verir. 

Digər hədəflər

Bunun perspektiv üçün digər hədəflərini təsbit etsək, qeyd edə bilərik ki, dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi (bütün istiqamətlərdən) əsas məqsədlərdən biridir. 
Sərhədboyu zonada əhalinin təhlükəsizliyinin və mülkiyyətinin dövlət zəmanəti altına alınması, Ermənistan tərəfindən fəal silahlı təcavüz fazasının qəsdən təzələnməsi riskinin aradan qaldırılması da Bakının sərhəd prioritetləri ilə müəyyən edilir. 

Azərbaycan həmin marşrutdakı strateji hədəf və istiqamətlərini Türkiyə ilə məsləhətləşmələr əsasında qurur və bu da kollektiv müdafiə mexanizmlərini formalaşdırır. Ona görə də Azərbaycan proseslərdə güclüdür və sərhəddəki möhkəmlənmənin davam edəcəyi şəksizdir. 

Ermənistan lazımsız bir dövlətə çevrilir

Nəzər yetirməyə gərək var ki, postsovet məkanı həssas zəminlər üzərində cərəyan edən hadisələrlə zəngindir, böyük oyunlarda gərəksiz, dividend gətirməyən ölkələrə yatırım etmək risk kimi dəyərləndirilir. 

Azərbaycanın apardığı xarici siyasət, ordu gücü, Türkiyə ilə strateji müttəfiqliyi, Rusiya və İsrail ilə strateji tərəfdaşlığı, Qərblə dərinləşən əməkdaşlığı sayəsində Ermənistan diqqətdən kənarda qalır. Buna görə də sərhədlərin delimitasiyası məsələsində regional, qlobal oyunçular Azərbaycanın tərəfindədir və ümumi planda Ermənistan vacib olmayan administrativ status qazanır. Rusiyanın perspektiv strateji marşrutunda Ermənistanın tamamilə ram edilməsi mövzusunun qərar tutduğu görünür, Moskvanın Bakı ilə İrəvan arasında tarazlıq saxlamaq siyasətindən çıxaraq birinciyə həlledici dəstək verməsi həmin meyillərin güclənməsinə dəlalət edir. Artıq erməni kartı supergüclərin qurduğu böyük şahmat lövhəsində fiqur olmaq rolundan çıxıb və adi piyada mövqeyi səviyyəsinə enib, ona görə də İrəvanın sərgilədiyi hər qeyri-konstruktiv mövqe onun məhvi üçün tutarlı səbəblər ərsəyə gətirir. 

Azərbaycan qurulan sxemlərdə strateji zərurətlərdən irəli gələrək özünün müdafiə reflekslərini gücləndirir və proses daha intensiv şəkil alacaq. Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik ruhuna və xarakterinə uyğun olaraq koordinasiya şəklində gələcək konfiqurasiyanın meyarlarını müəyyənləşdirir və müştərək maraqlar Rusiyanın mövqeyi ilə uzlaşdırılır. Bu baxımdan Azərbaycan-Ermənistan sərhəd zolağındakı əməliyyat şəraitinin təhlilində əsasən Bakı-Ankara-Moskva üçbucağında intensiv danışıqlar aparılır. 

Nəticə

Yazıdan çıxara biləcəyimiz nəticələrə gəlincə, bunu bir neçə istiqamət üzrə təsnifatlandıra bilərik. 

Birincisi, Bakı qlobal tablodakı qarşılıqlı ziddiyyətli proseslərin və gələcək silahlı münaqişələrin xarakterini nəzərə alaraq özünün müdafiə potensialını artırır. Bunun üçün sərhədə dair ayrıca bir strategiya mövcuddur. 

İkincisi, Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya iqtisadi asılılığa düşməməsi üçün milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amilləri havaya sovurur. 

Üçüncüsü, Ermənistan dünyada və regionda gedən proseslərdən dərs çıxarmalıdır, konstruktiv mövqeyə köklənib bölgədəki layihələrə qoşulub sağ qalmağı düşünməlidir. 

Aqşin Kərimov 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir