“Ermənistan səsləndirilən suallara konkret cavab verməlidir” – Brüssel görüşü nə ilə yadda qala bilər?

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə avqustun sonunda Brüsseldə görüş keçirilməsi nəzərdə tutulur. Görüşdə Azərbaycan tərəfindən dövlətlərarası münasibətləri normallaşdırmaq üçün beş məlum prinsip ətrafında müzakirələrin də gedəcəyi istisna deyil. Ermənistan tərəfi artıq bir neçə dəfə bu təkliflər ətrafında müzakirələrin aparılmasının məqbulluğunu bildirib. Yekun sülh müqaviləsinin imzalanması ilk olaraq tərəflərin bir-birlərinin dövlət suverenliklərini tanımalarından, Ermənistanın Azərbaycana ərazi iddialarından imtina etməsindən asılı olacaq.

Brüssel görüşünü Oxu.Az-a şərh edən siyasi şərhçi Tofiq Abbasov qeyd edib ki, üçtərəfli formatda keçirilən görüşlərin gündəliyi proqnozlaşdırılan olur:

“Yəni ümumi konturlar müəyyən edilib. Burada əsas məsələ postmüharibə şəraitində bölgənin yeni formata oturuşması, Ermənistanın sağlam ruha, sağlam fəaliyyətə qayıtması və öz təhdidlərindən əl çəkməsidir. Bu istiqamətdə üçtərəfli görüşlərin keçirildiyi, bəyanatların qəbul edildiyi Rusiya da, iqtisadi tənəzzül əvəzinə iqtisadi dirçəlişin tərəfdarı kimi çıxış edən Avropa İttifaqı da bilirlər ki, Azərbaycan lider rolunu öz üzərinə götürüb. Brüssel daha çox Azərbaycana ümidlidir ki, bizim fəallığımız, təşəbbüskarlığımız nəticəsində Ermənistan bu proseslərə qatılsın və əvvəlcədən razılaşdırılmış, qəbul olunmuş qərarların reallaşmasına enerji sərf etsin”.

Onun sözlərinə görə, Brüsseldə keçiriləcək görüşün gündəliyi rəngarəngdir:

“Orada həm Azərbaycanın, həm Ermənistanın üzərinə düşən öhdəliklər var. Bizə artıq Ermənistanın vədlərdən əmələ keçməsi lazımdır. Çünki onlar təxribatlardan əl çəkmirlər. Fərruxda baş verənlər, avqust ayında bir əsgərimizin şəhid edilməsini buna misal çəkə bilərik. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə lazımi tədbirləri gördü və terrorçuların bütün hərbi qurğularını, blokpostlarını, bizə təhdid törədən nöqtələrinin hamısı məhv etdi. Biz bununla ermənilərə başa saldıq ki, bundan sonrakı gedişlərimiz belə tərzdə olacaq. Ermənistan da bütün alternativləri nəzərdən keçirdi və gördü ki, heç bir addım atmaq imkanı yoxdur. Çünki artıq söz sahibi Azərbaycandır. Kiçik də olsa bir ehtimal yoxdur ki, Ermənistan haradasa təşəbbüskarlığı ələ keçirsin”.

Ekspert bildirib ki, Brüssel görüşündə Ermənistan artıq konkret səslənən suallara konkret cavablar verməlidir:

“Laçın ətrafından keçən yolu biz tikdik, Ermənistan tərəfinə düşən yolu özləri tikməli idilər. Söz verdilər, lakin etmədilər. Yeni tikilən yol bütün standartlara cavab verir və artıq Rusiya sülhməramlıları öz blokpostlarını, nəzarət məntəqələrinin hamısını həmin yola keçiriblər. Bir sözlə, bu görüşlərdə Azərbaycanın tam hazırlığı şəraitində onlar tam hazırlıqsızdırlar. Ermənistan tərəfi hansısa bəhanələri gündəmə gətirərək qalxan kimi istifadə etməyə çalışır ki, öz pozucu siyasətini qüvvədə saxlasın. Lakin bu belə getməyəcək. Təsadüfi deyil ki, Prezident Basqal qəsəbəsinə səfəri zamanı çıxışında da yada saldı ki, Ermənistan proseslərə etinasız yanaşsa, biz onun cavabını verməyə hazır olacağıq. Həmçinin status məsələsini yadlarından çıxarmaqları barədəki fikrini bir daha nəzərə çatdıraraq bildirdi ki, ermənilər bunu etməsələr, biz də Zəngəzurun statusunu gündəmə gətirəcəyik. Bunun üçün bizim tarixi əsaslarımız var”.

T.Abbasov vurğulayıb ki, Azərbaycanın üç əsas komponenti var:

“Güclü iqtisadiyyat, güclü ordu və güclü diplomatiya. Azərbaycan diplomatiyası bütün bu prosesləri elə bir tərzdə işləyib ki, artıq top Ermənistan tərəfdədir. Ona havadarlıq edənlər də başa düşməlidirlər ki, bizim nəcib işlərimizə haram qatmaq üçün heç bir şansları yoxdur. İstər Rusiya, istər Aİ, istərsə də ABŞ daha çox Ermənistanla işləməlidirlər və onlara başa salmalıdırlar ki, artıq proseslər yeni reallıqlar fonunda formalaşır. Bu proseslərin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan diktə edən tərəfdir və Ermənistana imkan verməyəcək ki, regionda pozuculuqla məşğul olsun”.

Aysel Aslanqızı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir