Oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib.
Bununla da 27 ildən sonra Xudafərin körpülərinin üzərində Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan Bayrağının görüntüsünü paylaşıb.
Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xüdafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı raport verib.
Tarix boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən Xudafərin körpüsü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilib. 15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb.
Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.
İşğaldan azad edilən Xudafərin körpüsünü xüsusilə qeyd etmək lazımdır. Çünki bu, hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması ilə yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir.
Elə dörd il əvvəl, yəni 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Azərbaycanla İran arasında imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti real nümunəsidir. Həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı.
“Xudafərin” hidroqovşağı bəndinin tikintisi, demək olar ki, tamamlanıb. “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır.
1,6 milyard kubmetrdən çox su tutumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır.
Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və səkkiz min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə, 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi.
Dörd il bundan əvvəl bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyən bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər.
2016-cı ilin fevral ayında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nin məlum dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Zaman onu göstərdi ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar. İşğal altındakı ərazilərin, o cümlədən, Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. Dörd il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı.
Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.
Hazırkı reallıq Prezident İlham Əliyevin, həqiqətən də, böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni dəqiq hesabladığını nümayiş etdirdi. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.
İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.
Qeyd edək ki, müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də, iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq, Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
İlhamə Əbülfət