“Sülh müqaviləsinin mətninin hazırlanması üçün xarici işlər nazirləri səviyyəsində qrupun bir ay ərzində yaradılması haqqında razılaşma Azərbaycanın Ermənistanla sağlam və mehriban qonşuluq münasibətləri qurmağa və bütövlükdə Avropada sabitliyin təmin edilməsinə hazır olduğunu göstərən böyük nailiyyətdir”.
Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edərkən deyib.
O bildirib ki, Brüsseldə keçirilmiş üçtərəfli görüş Azərbaycan və Ermənistan arasında sülh dialoqu baxımından vacib mərhələdir. “Şarl Mişel tərəfindən təşkil edilmiş bu görüş rəsmi Bakı və Vaşinqtonun Ermənistan tərəfini danışıqlar masasına əyləşdirmək üçün apardığı daimi diplomatik kampaniyanın nəticəsidir”.
P.Teys vurğulayıb ki, Aİ haqlı olaraq humanitar məsələlər, o cümlədən minatəmizləmə ilə bağlı narahatlığını ifadə edib: “Aİ minatəmizləmə prosesinin sürətləndirilməsinə və mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməsinə səmimi maraq göstərir”.
Ekspert minaların çoxsaylı insan həyatı üçün təhlükə olduğunu söyləyib.
www.RIA24.az