Brüssel görüşündə diqqət çəkən əsas məqamlardan biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin elan etdiyi sənədlə bağlıdır. Belə ki, həmin sənəddə nə Qarabağ mövzusuna, nə də ATƏT-in Minsk qrupu ilə bağlı məsələyə yer verildi. Bu isə Minsk qrupu formatının artıq ləğv edildiyini həm Ermənistana, həm də Qərbə nümayiş etdirir. Görünən odur ki, Avropa Qarabağın Azərbaycanın daxili işi olduğunu da qəbullanır.
Məsələni Oxu.Az-a şərh edən politoloq Samir Hümbətov dördüncü görüşün əvvəlkilərdən keyfiyyətcə daha üstün olduğunu diqqətə çatdırıb:
“Liderlərin noyabr ayının sonları üçün növbəti görüşünün planlanması, sülh danışıqlarıyla bağlı proqramın həyata keçirilməsi görüşü önəmli qılır. Görünür ki, Avropa İttifaqı üzərinə öhdəlik götürərək proseslərin dinc yolla tənzimlənməsinin tərəfdarıdır. Ona görə də bu gün ciddi şəkildə problemin həllinə kökləniblər.
Bəli, üçüncü görüşdə də münaqişənin sülh yolu ilə həll edilməsinə dair proqram irəli sürülmüşdü. Amma o dövrlə, yəni 22 may tarixi ilə 31 avqust arasında fərq var. Azərbaycan Ordusu artıq Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətinə götürüb. Azərbaycan “Qisas” əməliyyatı keçirərək nümayiş etdirdi ki, istənilən vaxt biz hərbi əməliyyat icra etməyə qadirik. Fikrimcə, bütün bunlar Rusiya və İrana, eləcə də digər dövlətlərə mesaj idi ki, baxın, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, amma alınmasa, müharibə də qaçılmazdır”.
Siyasi şərhçi bildirib ki, Şarl Mişel bütün bunları nəzərə alaraq sülh proqramının həyata keçirilməsini istəyib:
“Artıq Qərb ölkələri Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu və buna kənar dövlətlərin müdaxiləsinin gərəkmədiyini qəbul edirlər. Ona görə də biz Avropa İttifaqının gələcəkdə münaqişənin sülh yoluyla həllinə böyük töhfə vermək imkanına malik olduğunu deyə bilərik. Amma təbii ki, regionda marağı olan dövlətlər münaqişənin uzanmasına təkan verəcək hərəkət etməsələr, bu, mümkün olacaq”.
Sayad Həsənli
www.RIA24.az