Sonuncu Brüssel görüşündə Azərbaycan daha bir diplomatik qələbə qazandı. Belə ki, Ermənistan hökuməti yaxın bir ayda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsiylə bağlı praktiki danışıqlara başlamağa razı salındı. Görünən odur ki, bir neçə ay ərzində sülh sazişiylə bağlı müzakirələr yekunlaşacaq və iki ildir gözlənən nəticə əldə ediləcək. Təbii ki, bütün bunların reallaşması üçün Ermənistan rəhbərliyinin də adekvat addımlar atması vacibdir.
Ancaq Azərbaycanın irəli sürdüyü sülh təklifinə Ermənistanın iki il sonra müsbətə doğru müəyyən reaksiya verməsi özlüyündə müəyyən qədər narahatlıq da doğurur. Çünki Ermənistan silahlı birləşmələri 44 günlük Vətən müharibəsindən sonra daim təxribatlar törətməyə çalışıblar. Azərbaycan bir tərəfdən 30 ildə işğalçının viran qoyduğu Qarabağda yenidənqurma işləri aparıbsa, digər tərəfdən də təxribat əməllərini önləməyə çalışıb. Lakin Ermənistanın revanşist qüvvələri nə qədər dağıdıcı fəaliyyətlərə meyl edərək sülhdən yayınmağa çalışsa da, bu gün “Dəmir yumruq” siyasətinin real nəticələrini görünməyə başlayıb.
Mövcud durumu Oxu.Az-a şərh edən politoloq Araz Aslanlı bildirib ki, Azərbaycanla sülh ilk növbədə Ermənistana lazımdır:
“Çünki 1991-ci ildə Ermənistan əgər təcavüzkar siyasətə meyl etməsə, qonşularına qarşı ərazi iddiası irəli sürməsəydi, normal xarici siyasət yürüdə və müstəqil dövlətə çevrilə bilərdi. Amma Ermənistan əksini istədi, təcavüzkar siyasət yolunu seçdi. Nəticədə isə itirən o oldu. Doğrudur, Azərbaycan və digər region ölkələri də bundan ziyan çəkdi. 44 günlük Vətən müharibəsindən sonra da yenidən belə bir şans yarandı ki, Ermənistan həm beynəlxalq hüquqa, həm də regionun reallıqlarına hörmət etsin, Azərbaycanla beynəlxalq hüquqa uyğun sülh müqaviləsi imzalasın, 1991-ci ildə qaçırdığı şansları yaxalasın. Amma iki il ərzində Ermənistanın lazımi şəkildə addım atmadığını gördük”.
Siyasi şərhçi sülh prosesinin ləng getmə səbəblərindən də söz açıb:
“Birincisi, Ermənistanda təəssüf ki, hələ də Birinci Qarabağ müharibəsindəki işğalçı siyasətin yaratdığı bir eyforiya var. İkincisi, Ermənistanın xarici siyasəti müstəqil olmadığı üçün həm müəyyən xarici dövlətlər, həm də bölgədə marağı olan qruplar və lobbilər onu revanşizmə yönəltməyə çalışırdılar. Amma müharibədən sonra 1991-ci ildən fərqli olaraq Ermənistanda sülhün bu ölkə üçün əhəmiyyətini anlayanların sayı bir az artdı. Bu, müəyyən dərəcədə müsbət meyldir.
Avropada da biz standart yanaşma görmədik. Bəzi Avropa dövlətləri 44 günlük müharibə dövründə özlərinin “offside”da qaldıqlarını düşündülər və prosesə mane olmağa çalışdılar. Amma Avropa İttifaqı qismən sülh prosesinə töhfə verməyə çalışdı. Avropa İttifaqının bu arzusu, eləcə də Ermənistanda reallığı düzgün qiymətləndirənlərin sayı artdıqca müsbətə doğru gedişat yaranır”.
Ekspert Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və bölgənin reallıqlarına uyğun olduğunu vurğulayıb:
“Bu baxımdan hesab edirəm ki, real nəticənin ortaya çıxma ehtimalı artacaq. Brüsseldə əldə olunan razılığı uğur kimi qiymətləndirirəm. Amma düşünürəm ki, bu prosesə mane olmaq istəyən dövlətlər və lobbi sakit durmayacaq. Ermənistandakı revanşizmə meylli qüvvələri yenidən qıcıqlandıracaqlar. Çünki Paşinyan ölkəyə tam hakim deyil, Azərbaycanda hakimiyyət beynəlxalq hüquqa, regionun reallıqlarına uyğun siyasət apara bilir və bunu daxildən tam dəstəklə reallaşdırır. Ermənistanda isə bunların heç biri mövcud deyil. Ermənistan cəmiyyətinin özü üçün də regionun gələcəyi ilə bağlı vəziyyət aydın deyil. Siyasətə qərar verməklə bağlı hakim komandada bir qərarsızlıq var, həm də tam dəstək yoxdur. Qərarlılıq və dəstəyin artması üçün bir az zaman tələb olunur”.
Araz Aslanlı qeyd edib ki, Azərbaycan hətta Birinci Qarabağ müharibəsində işğalın qarşısını ala bilmədiyi vaxtda da diplomatik üstünlüyünü qoruyub:
“BMT Təhlükəsizlik Şurasının qətnamələri, Lissabon sammiti və digər məsələlərdə Azərbaycan diplomatik məğlubiyyətə uğramadı. 30 il əvvəl müxtəlif xarici dövlətlərin dağıdıcı siyasətinə görə Azərbaycanda hərbi baxımdan o qədər ağır vəziyyət yaşamışdı ki, onların hamısından güclü diplomatiya nəticəsində qurtulduq. İndi isə diplomatik uğur hərbi uğurla dəstəkləndiyinə görə daha güclü qələbə qazanırıq. 44 günlük müharibədə diplomatik uğurlar sayəsində təzyiqləri çox hiss etmədik. Hər mərhələdə hücum diplomatiyası ilə işimizə davam edirik. Ermənistanı istəmədiyi halda sülh danışıqlarına cəlb etmək, o danışıqları davam etdirməyə məcbur etmək növbəti bir qələbədir”.
Sayad Həsənli
www.RIA24.az