“Elə təəssürat yaranır ki, sanki Ermənistanın Baş naziri Nikol Paşinyan paralel bir gerçəklikdə yaşayır”.
Bu barədə tanınmış ukraynalı politoloq və siyasi məsləhətçi, “Üçüncü Sektor” Mərkəzinin rəhbəri Andrey Zolotarev Media.Az-a Ermənistanın baş nazirinin bir-birinə zidd çoxysaylı bəyanatlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu cür davranışı, belə vurnuxması vəziyyət üzərində nəzarəti itirdiyinə və bundan sonra nə edəcəyini anlamadığına dəlalət edir.
“Daha əvvəllər də Nikol Paşinyanın qeyri-adi bir şəkildə davrandığı, gerçəkliyi qeyri-adekvat qiymətləndirdiyi diqqət çəkmişdi. Bəlkə də, məqsədi Rusiyanı münaqişəyə sürükləməkdir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın kimin əlaltısı (Soros – red.) olduğunu açıq şəkildə söylədi”, – deyə Andrey Zolotarev vurğulayıb.
Müsahibin sözlərinə görə, Paşinyanın zəif maddi-texniki dəstək fonunda (biz ki cəbhə xəttndə nələrin baş verdiyini görürdük) dedikləri, sadəcə, qeyri-ciddilikdir.
“Təkrar edirəm, Ermənistanın baş naziri tamamilə qeyri-adekvat davranır. Nikol Paşinyanın nə “A”, nə də “B” planının olmadığı göz qabağındadır. Eyni zamanda, Azərbaycan rəhbərliyi problemlərin həllinə real və praqmatik yanaşır. Bu, tam aydın görünür”, – deyə politoloq vurğulayıb.
O, Nikol Paşinyan dövründə danışıqların mümkün olmadığını və çox güman ki, onun tezliklə bu vəzifədən gedəcəyini deyib.
“Münaqişə isə üçüncü tərəflərin iştirakı ilə həll ediləcək. Hansını – deyə bilmərəm”, – deyə A.Zolotarev sözlərini yekunlaşdırıb.