Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanında olub – FOTO

Siyasət

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da Daşkənddə Heydər Əliyev Meydanında olub. Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri, Özbəkistan parlamentinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlı icmasının təmsilçiləri meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.

Milli Məclisdən verilən məlumata görə, iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir