Politoloq: “Ermənistan və havadarlarının istənilən təxribatları hər an layiqli cavabını alır”

Siyasət

“Ermənistan regionda gərginlik yaratmaqla Cənubi Qafqazda vəziyyəti öz maraqlarına uyğun dəyişməyə çalışır. Artıq 10 gündən çoxdur ki, hər gün Ermənistan tərəfindən Laçın, Kəlbəcər və digər istiqamətlərdə müxtəlif formalarda təxribatlar törədilirdi. Azərbaycan regionda sülhün təmin edilməsində maraqlı olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirmir. Cənubi Qafqazda vəziyyətin gərginləşməsi ilə bağlı tam məsuliyyət Ermənistanın üzərinə düşür”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistemli xarakter daşıyırdı:

“Təəssüf ki, bu müddət ərzində beynəlxalq birlik tərəfindən Ermənistana heç bir xəbərdarlıq edilmədi. Təxribatlara görə beynəlxalq ictimaiyyətdən Ermənistan rəhbərliyinə hansısa çağırışların edilməsinin şahidi olmadıq. Nəticədə Ermənistan təxribatlarını daha da genişləndirdi. Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın dəmir yumruğu yerindədir”.

“Ermənistan və havadarlarının istənilən təxribatları hər an layiqli cavabını alır. Bizi narahat edən məqamlardan biri də odur ki, Ermənistanın yüksək çinli rəsmilərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu, qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir. Bütün bunlar bölgədə sabitliyi təhdid edən əsas amillərdir. Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın 30 illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar minatəmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən minaların basdırılması davam edir. Mina problemi ilə əlaqədar nə bu sahə üzrə məsul institutlar, nə də dövlətlər hər hansı addımlar atmırlar. Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə, Ermənistanın təxribatları davam edəcək. Azərbaycan Ordusu istənilən təxribat hallarına qarşı qabaqlayıcı tədbirlərini davam etdirir. Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Revanşizm bütün regiona siyasi təhlükələr yaradır”, – deyə politoloq vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir