Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında 13 sentyabr 2022-ci il tarixində telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.
Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.RIA24.az