Azərbaycan-ŞƏT əməkdaşlığı: Prezidentin xarici siyasətinin uğuru – ŞƏRH + FOTO

Siyasət

Dünyanın siyasi gündəliyi tez-tez dəyişir və bu da bir sıra ziddiyyətli məsələlərin həllinə təsirsiz ötüşmür. Hazırda beynəlxalq ictimaiyyətin əsas diqqəti Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəlib. Belə bir dövrdə Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı keçirilir. Bu toplantı dünyada mövcud olan bir sıra problemlərin müzakirəsinə, eləcə də gələcəkdə mümkün həllinə müsbət təsir göstərə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Çin, Rusiya, Pakistan, Hindistan kimi dünyanın aparıcı dövlətlərinin liderlərinin təmsil olunduğu sammitdə iştirak etmək üçün Səmərqənddə səfərdədir.

Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatdan sonra Prezident İlham Əliyevin sammitə qatılması rəsmi Bakının hadisələr zamanı haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in səkkiz üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), dörd müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və doqquz dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Prezident İlham Əliyev 2016-cı il mayın 16-da Çinin Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib.

Həmin sənədə əsasən, tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra istiqamətlər üzrə əməkdaşlıq edirlər. Buraya regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə, ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət, nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturdan səmərəli istifadə, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi və s. daxildir.

ŞƏT-in Azərbaycanla əməkdaşlığı Prezident İlham Əliyevin yürütdüyü çoxqütblü xarici siyasətin uğurudur. Rəsmi Bakı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının da fəal üzvlərindəndir. Azərbaycan və NATO arasında ikitərəfli əlaqələr var. 1992-ci ildə Azərbaycan yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olub. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatçılarındandır. Rəsmi Bakının rolunu ABŞ və Avropa İttifaqı da dəyərləndirirlər. Bu baxımdan Azərbaycan üzv olduğu və ya əməkdaşlıq etdiyi beynəlxalq təşkilatları bir-biri üçün alternativ saymır. Habelə bu əlaqələr bir-biri ilə ziddiyyət təşkil etmir.

Son günlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı apardığı genişmiqyaslı silahlı, siyasi təxribat rəsmi Bakının beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməsi istiqamətində fəaliyyətinin səmərəli olduğunu bir daha təsdiqlədi.

Qeyd edək ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünya siyasətinin və iqtisadiyyatının aparıcı dövlətləridir. Bu ölkələrin Qərblə aralarındakı ziddiyyət və maraqlarının toqquşması fonunda Azərbaycanın tərəf tutmaması rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətin göstəricisi sayıla bilər.

Dünyanın siyasi arenasında heç bir dövlətin marağı birmənalı deyil. Hətta bu gün Rusiya ilə münasibətləri kəskinləşən ABŞ və Avropa İttifaqının belə, bir sıra məsələlərdə Kremllə mövqeləri və maraqları üst-üstə düşür. Elə Çinlə də oxşar vəziyyət mövcuddur. Təşkilatın üzvü olan Hindistan, Pakistan və Çinin bir-biri ilə münasibətləri də təzadlıdır. Eyni halda onların ABŞ və Avropa İttifaqı ilə çox yaxın iqtisadi-ticarət əlaqələri mövcuddur. ŞƏT-də Türkiyə və Azərbaycanın eyni statusla iştirakı rəsmi Ankara ilə Bakının xarici siyasətdə eyni mövqedən çıxışlarının göstəricisi sayıla bilər.

ŞƏT-dəki vəziyyət həm də dünyanın siyasi arenasındakı özünəməxsus nizamın göstəricisidir. Bütün beynəlxalq təşkilatlar təzadlar və toqquşan maraqlardan xali deyil. Bu baxımdan ŞƏT-in nüfuzunun təsir imkanları dəyərləndirilə bilər. Azərbaycanın ŞƏT Sammitində iştirakı Prezident İlham Əliyevin dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuzunun göstəricisidir. Bu, onun yürütdüyü xarici siyasətdə qazandığı uğurun nəticələrindəndir.

Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ilə xarici siyasətlə bağlı mövqeyini bir daha sərgiləyib: “Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildirlər və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır”.

Dövlət başçısı bir müddət əvvəl bunları bildirmişdi: “Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir”.

Beləliklə, Azərbaycanın ŞƏT-lə əlaqələrini Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin uğuru və davam etməsi kimi dəyərləndirmək mümkündür.

 “Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir