Deputat: “Düşmən darmadağın, müxalifət qələbələrimizdən narahat…”

Siyasət

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha qarşı tərəfin əsl simasını göstərdi.

Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Emin Hacıyev deyib.

Üçtərəfli bəyanatın müddəalarına, eləcə də bir neçə gün əvvəl Brüssel görüşündə sülh sazişi ilə bağlı əldə edilən razılaşmaya əməl etməkdən boyun qaçıran Ermənistan bu yolla məsuliyyətdən yayınmağa çalışır. Amma Azərbaycana qarşı revanşist siyasət yürütməkdə davam edən qarşı tərəfin bu həmləsi də uğursuzluğa düçar oldu. Müzəffər Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrini darmadağın etdi. Böyük itki verən düşmən geri çəkilməyə məcbur edildi. Hərbi-strateji üstünlüklər əldə edən Ordumuzun da itkiləri oldu. Bu döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan övladlarımızın bu şücaəti heç vaxt unudulmayacaq!

Cənab Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti zamanı bəyan etdiyi kimi, “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Ona görə də, Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Regionda sülh və təhlükəsizliyə təhdid olan Ermənistan ciddi beynəlxalq təzyiqlərə məruz qalmalıdır.

Təssüf ki, Vətənimiz üçün belə bir həssas vaxtda radikal müxalif qüvvələr antiazərbaycan mövqeyindən çıxış edərək, düşmənin “dəyirmanına su tökürlər”. Əli Kərimli, Arif Hacılı, Altay Göyüşov, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli kimiləri erməni xisləti nümayiş etdirir, Şəhidlərimizin qəhrəmanlığına, dövlətimizin gücünə kölgə salmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Maraqlıdır ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edirlər. Azərbaycanın siyasi palitrasından silindiklərini həzm edə bilməyən, xalq içərisində heç bir dayağı olmayan bu anti – milli qüvvələr sosial şəbəkə hesablarından kin-küdurət, qəzəb püskürməklə məşğuldurlar. İllərdir anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, şəxsi maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı çıxmağı özlərinə peşə seçən bu radikallar dövlətə qarşı çirkin kampaniya aparmaqdan belə çəkinmirlər. Onların bu əməlinin isə bir adı var – Vətənə xəyanət! Qərəzli ritorika seçən bu “klaviatura qəhrəmanları”na haqlı olaraq belə bir sual ünvanlanır: Düşmən ölkəmizə hücüm edir, sərhədlərimizi pozursa bunu susqunluqla qarşılamalıyıqmı?

Azərbaycan indi ötən əsrin 90-cı illərindəki ölkə deyil. Azərbaycan hazırda güclü-qüdrətli dövlətdir, qarşı tərəfin hər bir hərbi həmləsinə layiqli cavab verməyə qadirdir! O zaman məhz radikal müxalif düşərgənin tör-töküntülərinin hakimiyyətdə olarkən yol verdiyi siyasi hərc-mərclik, xaos, vətəndaş qarşıdurması nəticəsində ölkənin zəifləməsindən istifadə edən düşmən torpaqlarımızın 20 faizini işğal etmişdi. Həmin dövrdə ölkənin siyasi müstəqilliyi sual altına düşmüşdü. Ümummilli Lider Heydər Əliyevın hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi. Xalqımız Ulu Öndərin ətrafında sıx birləşərək, o zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız siyasi qüvvələri tarixin arxivinə göndərdi. Dahi Şəxsiyyət Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasətin yürüdülməsinə başlanıldı.

Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Qəhrəman Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Məcburi köçkün həyatı yaşamağa məcbur olan həmvətənlərimizin uzun illərdən sonra doğma yurd-yuva həsrəti bitib, artıq azad olunan ərazilərimizdə məskunlaşmaya start verilib. Elə isə bu radikal müxalif ünsürlər nədən narahatdırlar? Niyə Vətənimizin müdafiəsi məsələsində anti-milli mövqe tutublar? Yoxsa, xaricdən aldıqları qrantlar və digər maddi ianələrin müqabilində anti-Azərbaycançı dairələrin çirkin niyyətlərini daha fəal icra etməyə çalışırlar? Onlar unutmamalıdırlar ki, xalqımız və dövlətimiz bu qaragüruha öz çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verməyəcək! Bizi Qarabağımıza qovuşduran “Dəmir Yumruq” təkcə Ermənistana yox, onun havadarlarına və milli xəyanətkarlara da dərs olmalıdır!

Bu gün vətənpərvər oğullarımız qəhrəmanlıq dastanı yazmağa davam edir və bununla yalnız qürur duymaq olar. Vaxtilə xəyalı ilə yaşadığmız arzularımızı gerçəkləşdirən Sərkərdələrimiz var olsun! Bizə Qalib Azərbaycanın vətəndaşı olmağı nəsib edən Şəhidlərimiz, Qazilərimiz baş tacımızdır. Onlar Vətənə sədaqət nümunəsidir. Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir! Azərbaycanda səfərbər olunmuş cəmiyyət var və xalq-dövlət birliyi sarsılmazdır. 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm Qələbəni təmin edən bu birlik şərəfli tarixi missiyanı tamamlamaq iqtidarındadır!

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir