Azərbaycan-Avropa Şurası gündəliyi: 2022-2025-ci illər üzrə Fəaliyyət Planı – FOTO

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın vacib olduğunu, ölkəmizin ehtiyacları əsasında işlənib-hazırlanmış və ümumi əməkdaşlıq çərçivəsini təşkil edən 2022-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə işlərin davam etdiyini bildirib.

Nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib.

Nazir Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı minaların ərazilərimizdə yerləşdirilməsindən bəhs edib.

Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.

Nazir eyni zamanda Ermənistan xarici işlər naziri ilə 19 sentyabr tarixli görüş barədə məlumat verib. 

Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində Azərbaycana səfərini məmnunluqla xatırlayıb. AŞ ilə Azərbaycan arasında Fəaliyyət Planının tərəflər arasında prioritetləri müəyyənləşdirdiyini və onların icrasının əhəmiyyətini diqqətə çatdırıb.

Bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normallaşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub. 

Görüşdə tərəflər, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə müzakirə aparıblar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir