Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
“Report”un xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, AŞF-nin prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Türkiyə Şahmat Federasiyasının prezidenti Gulkız Tülay, digər rəsmi şəxslər və şahmatçılar iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca isə turnirin tanıtım videosu böyük monitorda nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan A.Əliyev qonaqları salamlayaraq, bildirib ki, bu, velosiped yarışından sonra Şuşada keçirilən ikinci beynəlxalq turnirdir. MOK rəsmisi turnirin FIDE-nin təqviminə daxil ediləcəyinə və ənənəvi olacağına inandığını vurğulayıb.
M.Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib. 2022-ci ilin “Şuşa ili“ elan olunduğunu xatırladan federasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə 30 illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılara dəvəti qəbul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkilinə görə sponsorlara və tərəfdaşlara “çox sağ ol“ deyib.
X.Məmmədov öz çıxışında bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanmış beynəlxalq müqavilələr Azərbaycan idmanının inkişafına öz töhfəsini verib. Turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti iştirakçılara uğurlar diləyib.
Ç.Abdullayev uşaqlıq illərinin Şuşa dağlarında keçdiyini söyləyib. Xalq yazıçısı Şuşa uğrunda gedən döyüşlərdə öz qohumlarının da şəhid olduğunu bildirib. O, Azərbaycan xalqının bundan sonra Qarabağda əbədi yaşayacağını, bu cür turnirlər keçirəcəyini və xarici qonaqları qəbul edəcəyini qeyd edib. Ç.Abdullayev əcnəbi qonaqların Şuşanı gördükdən sonra buraya yenidən gəlməyə can atacaqlarını vurğulayıb.
Daha sonra M.Məmmədov şahmatın inkişafında göstərdiyi xidmətlərə görə Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru Babaşah Gəncəliyevə xüsusi mükafat təqdim edib.
Ardınca səhnədə aktyorların iştirakı ilə Fransa yazıçısı Aleksandr Dümanın XIX əsrin sonlarında Şuşaya səfəri zamanı Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanla şahmat oynaması canlandırılıb.
Sonda A.Əliyev rəssam Çingiz Abbasovun “Shusha Chess 2022” turniri üçün xüsusi hazırladığı Xurşidbanu Natəvanın portretini Şuşa şəhərinə hədiyyə edib.
Qeyd edək ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.
Qadınların yarışında milli komandanın üzvləri – Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) və Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.
“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin baş sponsoru SOCAR, sponsoru Azərbaycan Beynəlxalq Bankı, tərəfdaşlarından biri isə “Azərxalça” ASC-dir. Yarışa sentyabrın 24-də yekun vurulacaq.
www.RIA24.az