“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət çətin olaraq qalır. Hərbi qarşıdurma davam edir. Belə bir şəraitdə münaqişənin gərginliyini azaltmaq və danışıqlar prosesini yenidən başlatmaq üçün həm milli müstəvidə, həm də ATƏT-in Minsk qrupunun tərkibində səy göstərməyə davam edirik”.
“Moskva-Bakı” portalının məlumatına görə, bu sözləri Ermənistan ordusunun Bərdə şəhərini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olmasına münasibət bildirən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya prezidenti mütəmadi olaraq Azərbaycan və Ermənistan rəhbərləri ilə telefonla əlaqə saxlayır. Rusiya liderinin Türkiyə prezidenti ilə söhbətində Dağlıq Qarabağ ətrafındakı vəziyyətə toxunuldu, Rusiya XİN rəhbəri Sergey Lavrov bunu türkiyəli həmkarı, həmçinin Fransa xarici işlər naziri ilə müzakirə edib”, – deyə M.Zaxarova bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Cenevrədə oktyabrın 30-da keçirilməsi planlaşdırılan görüş barədə də danışıb:
“Gələcək addımları müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 30-da Cenevrədə növbəti görüşünün keçirilməsi barədə razılıq əldə edildi. Bu iclasın gündəliyinə, həmçinin 10 oktyabrda Moskvada əldə edilmiş razılaşmaların icrası da (bunlar humanitar atəşkəs, əsir və cəsədlərin mübadiləsidir) daxil olmaqla beynəlxalq humanitar hüquqla bağlı məsələlər daxil ediləcək.
Biz əvvəldən atəşkəsə nail olmağa və vəziyyəti siyasi-diplomatik məcraya yönəltməyə çalışdıq”.