Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Siyasət

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

Prezident təbrikində yəhudi icmasına yeni il bayramı – Roş ha-Şana münasibətilə ən səmimi arzu və diləklərini çatdırıb:

“Ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamış, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməmişdir.

Əsrlər boyu ölkəmizdə mövcud olan multikultural dəyərlərin, dözümlülük prinsiplərinin və mədəni özünüifadə müxtəlifliyinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Təqdirəlayiq haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər.

Əziz dostlar!

Roş ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir