Vaxtilə soyadı Sarkisyan olan, sonradan soyadını dəyişdirən, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qandonduran etirafları ilk dəfə 2015-ci ildə yayılıb ictimailəşdi.
Baxmayaraq ki, o, bu etirafları hələ 2000-ci il dekabrın 15-də verdiyi müsahibəsində etmişdi:
“Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Onların bu düşüncəsini sındırmaq lazım idi. Belə də oldu… Bizdə belə alınırdı ki, etnik təmizləmə aparmağımız təəssüratını yaradırdıq. Başqa cür də mümkün deyildi”.
Xocalı soyqrımının üstündən 28 il keçdikdən sonra, Paşinyan soyadlı başqa birisi Ermənistan ərazisindəki “SCUD” sistemindən Gəncə şəhərinin mülki əhalisini ardıcıl iki dəfə ballistik raket zərbələrinə məruz qoydu. Onlarla mülki vətəndaşımız həyatını itirdi və yaralandı. Oktyabrın 27 və 28-də isə, Ermənistan “Smerç” yaylım atəşli reaktiv sistemindən Bərdənin mülki əhalisini hədəf seçdi. Aralarında uşaq, qadın, qoca olmaqla 20-dən çox mülki şəxs həlak oldu, 80-dən çox insan xəsarət aldı.
Bu cinayətlərin hər biri Paşinyan tərəfindən məhz humanitar atəşkəs razılığı dövründə törədildi. Baxmayaraq ki, hər dəfə atəşkəsi özü istəmişdi və yalvar-yaxarla istəyinə nail olmuşdu. Nə Gəncə, nə də Bərdə döyüş zonasına daxil deyil, bu şəhərlərdə düşməni maraqlandıra biləcək legitim hərbi hədəflər də yoxdur.
Paşinyanın və tabeliyindəki rəsmilərin bu cinayətlərlə beynəlxalq hüququn konkret hansı normalarını, yaxud hansı konvensiyaların hansı tələblərini pozduqlarını sadalamağa vaxt itirmək istəmirəm. Fakt odur ki, mülki əhalimizə qarşı müharibə cinayətləri silsiləsini törədən Paşinyan və onun siyasi-hərbi ətrafı dünyanın gözü önündə həm də insanlıq və əxlaq kodeksini ayaqlar altına atdılar.
28 il bundan öncə R.Koçaryan-S.Sarqsyan, indi də Paşinyan-Tonoyan cütlüyü və digər “yan”-lar. Bu, o deməkdir ki, 28 il ərzində Ermənistanın siyası-hərbi hakimiyyətlərinin terrorçu mahiyyəti dəyişməyib, əksinə daha da qəddarlaşıb. İnsanlığa qarşı cinayətlər, müharibə cinayətləri bu dövlətin ölkəmizə qarşı bundan sonra da hər an əl ata biləcəyi mübarizə və müharibə üsuludur. Ən dəhşətlisi odur ki, “dənizdən-dənizə” kimi erməni xülyasının, “türk erməninin düşmənidir” kimi zəhərli ideologiyanın təsiri və terrorçu siyasi rejimlərin rəhbərliyi altında yaşamağa məhkum olan erməni cəmiyyətinin də bu xəstəliyə yoluxmaması, zehniyyətinin zəhərlənməməsi mümkünsüzdür. Bəlkə həm də buna görədir ki, Ermənistan vətəndaşlarının yarıdan çoxu bu illər ərzində öz ölkələrini tərk edib xaricə səpələniblər…
Ola bilsin, yanılıram. Bəlkə, bu gün Qərbdə islamofobiya və türkfobiyanı təşviq edənlər də dünyaya səpələnmiş həmin ermənilərin təsiri altına düşüblər. Nə qədər gec deyil, Qərb dünyasının yerli sakinləri dərk etməlidirlər ki, islamofobiyanı və türkfobiyanı təşviq edənlərdən, bu cür təhlükəli yoluxduruculardan özlərini qorumasalar, cəmiyyətlərinin sağalmaz xəstəliyə düçar olması qaçılmazdır. Bəlkə də, bu fobiya Covid-19-dan da təhlükəli, daha yoluxdurucudur. Çünki, Covid-dən vaksin üzərində dünyanın ən nüfuzlu elmi-tibb mərkəzləri çalışır, milyardlar xərclənir. Amma türkfobiyadan, islamofobiyadan birdəfəlik qurtulmaq üçün düşünən yoxdur, daha doğrusu, düşünmək istəyən yoxdur, çünki mövcud siyasi iradə buna mane olur…
Ermənistana gəldikdə isə, Paşinyanı və onun özü kimi terrorçu hərbi-siyasi ətrafını diz üstə çökdürmədən və kapitulyasiyaya məcbur etmədən, şübhəmiz olmamalıdır ki, bunlar mülki əhalimizə qarşı müharibə cinayətlərindən əl çəkən deyillər. Çünki, əxlaq, insanlıq və kişilik belələri üçün yaddır. Gəlin, özümüz-özümüzü aldatmayaq.
Milli Məclisin deputatı
Ülvi Quliyev