“Azərbaycanın işğal altında olan ərazilərində zəngin mineral resurslar talan edilib”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, həmin mineral resurslar üçüncü ölkələrin bazarlarına çıxarılıb:
“Əldə edilən qazanclar digər məqsədlər üçün istifadə edilib. Mineral yataqlar sırasında Azərbaycanın qızıl, gümüş, mis və digər ehtiyatları var ki, xarici ölkələrin vətəndaşları, fiziki və hüquqi şəxslər cəlb edilməklə qanunsuz əməllər həyata keçirilib”.
“Təəssüflə qeyd edirik ki, bu qanunsuz iqtisadi əməllər nəticəsində qazanılan maliyyə resursları Ermənistana və onlar vasitəsilə digər ölkələrin bank hesablarına köçürülüb”.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə infrastrukturun dəyişdirilməsi və yeni infrastruktur obyektlərinin yaradılması, həmçinin, ərazilərimizdən turizm məqsədi ilə istifadə edilməsi kimi cəhdlər həyata keçirilib.
Bunları edən şəxslərə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açılıb. Bunun üçün zəruri addımların atılması üçün digər tərəfdaş dövlətlərə müraciət olunub”, – deyə H.Hacıyev qeyd edib.
İlhamə Əbülfət