Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri də uşaq əsgərlərin olmasıdır:
“Bu, BMT-nin Uşaq hüquqları üzrə konvensiyasının və silahlı münaqişələr zamanı uşaqların cəlb olunması üzrə müvafiq protokolun, Cenevrə konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Onlar uşaqları hərbi formada hərbi əməliyyatlara cəlb edirlər. Ermənistan bu qanun pozuntusunu və cinayət əməllərini Xocalıda azərbaycanlı uşaqlara qarşı da törədib. Ən böyük cinayət əməllərindən biri uşaqların öldürülməsi və ya şikəst edilməsidir. Ermənistanın törətdiyi cinayətlərdən biri də Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinə hücumları nəticəsində içərisində südəmər uşaqların da olduğu 11 azyaşlının ölməsidir.
Ermənistan bununla beynəlxalq hüququn normalarını kobud şəkildə pozur. Bu, Ermənistanın növbəti riyakarlığından başqa bir şey deyil. Ermənistan tərəfinin məktəbləri, hospitalları atəşə tutmaları cinayətkar əməllərdir. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”.