Danışıqlar formatı, o cümlədən onun genişlənməsi, dəyişikliklər və.s ilə bağlı bir çox təkliflər var. Bu mövzu həmçinin Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə müzakirə olunub.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsi zamanı bildirib.
“Problemin hərbi yolla həllinin mümkünlüyü mövqeyini dəstəkləmədiyimizi gizlətmirik. Həm erməni, həm də Azərbaycan xalqına dost və qardaş xalq kimi baxaraq, biz bu cür fikirləri bölüşə bilmərik. Rusiya, ABŞ və Fransa prezidentləri yalnız siyasi tənzimləmənin lehinə çıxış ediblər. Məhz bu həmsədrlər “üçlüyü” konfliktin aradan qaldırılması üçün hər kəs tərəfindən tanınan vasitəçilik formatıdır”, – deyə S.Lavrov bildirib.
S.Lavrov bildirib ki, Rusiya problemin həlli üçün bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşu dövlətlərlə işləmək mövqeyindən çıxış edir.
“Rusiyanın XİN rəhbəri həmçinin Rusiya rəsmilərinin Ankaranın yürütdüyü siyasətə müsbət yanaşması ilə bağlı suala da cavab verib.
Moskva və Ankara çevik, praqmatik bir yanaşma göstərməyi bacaran və bir-biri ilə qarşılıqlı əlaqə zamanı strateji baxışları rəhbər tutan tərəfdaşlardır.
Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsi üzərində gərgin işləyirlər. Suriyadakı qarşılıqlı fəaliyyətimiz rus və türk diplomatlar, hərbçi və xüsusi xidmət orqanları arasında işgüzar,maraqların qarşılıqlı nəzərə alınmasına əsaslanan əməkdaşlığın aşkar nəticəsi olaraq qalır. İranla birlikdə bu gün ən uyğun tənzimləmə mexanizmini – Astana formatını yaratmağı bacardıq. İdlib və Fərat kimi problemli bölgələrdə Rusiya-Türkiyə ortaq patrul dəstələri yaradıldı, terror qruplarının zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün lazımi şərait yaradılır.
Tripoli, Tobruk və Liviyadakı digər güc mərkəzlərində mövcud təsir rıçaqlarından istifadə edərək, ölkələrimiz BMT-nin himayəsi altında uzanan kəskin böhrandan çıxmaq və hərtərəfli Liviyadaxili dialoq qurmaq üçün şərait yaratmağa kömək edir.
Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir, bunu əvvəlki sualların cavabında qismən dedim. Təkrar edirəm: gizlətməmişik və gizlətmirik ki, problemin güc yolu ilə həllini dəstəkləmirik, hərbi fəaliyyətlərin tezliklə başa çatması üçün çalışırıq.
Tərəflər kimi, həm də onların bütün xarici tərəfdaşlarının da atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və müəyyən bir cədvəllə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməsi vacibdir. Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”, – S.Lavrov bildirib.