Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlayıb.
Hesabatda sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması, Tərtər şəhərinə gün ərzində 300 raket zərbələri endirilməsi, cəbhə xəttindən uzaq rayonların dinc sakinlərinin evlərinin dağıdılması, Gəncə şəhərinin ballistik raket zərbələrinə məruz qalması, hərbi əməliyyatların getdiyi dövrdə mülki əhaliyə dəyən zərərlər, raket zərbələri nəticəsində yaralanmış dinc əhali, Bərdə rayonunun raket hücumu nəticəsində 3 dəfə böyük dağıntılara məruz qalması, dinc əhalinin hədəf alınması ilə bağlı faktlar və mövcud vəziyyətə dair reaksiyalar yer alır.
Nəticə olaraq sentyabrın 27-dən başlayaraq və bu günə kimi davam edən hərbi əməliyyatlar və Ermənistan tərəfinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinin atəşə tutması indiki müharibənin ən qatı cinayətlərindən biridir.
Ermənistan tərəfi 1949-cu il 4-cü Cenevrə Konvensiyasının 3-cü bəndinin prinsiplərini pozaraq Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qadağan olunmuş raket zərbələri endirməklə Konvensiyanın tələblərini pozmuş və insanlıq əleyhinə cinayətlər işlədib.
Ermənistan tərəfinin aqressiyası nəticəsində dinc sakinlərə qarşı aşağıdakı cinayətlər törədilib:
1. Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən 13 şəhərə müxtəlif vaxtlarda “Smerç” və Qrad tipli raketlər atılıb;
2. Tərtər şəhəri və Tərtər rayonunun 36 yaşayış məntəqəsinə ciddi ziyan vurulub;
3. Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək enerji layihələri və neft-boru kəmərləri hədəfə alınıb;
4. Dinc şəhərlərə atılan raket zərbələri ilə məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər hədəf alınmış və onlara zərər yetirilib;
5. 87 mülki şəxs həlak olub, onlardan 18-i qadın, 14-i uşaq olmaqla;
6. 400 nəfər yaralanıb, onlardan 69 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla.
Hesabatda mövcud vəziyyətlə bağlı bir sıra təkliflər də yer alır. Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlar və instituların aşağıdakı işləri görməsi tövsiyyə olunur:
1. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin əsas moderatoru kimi Ermənistan tərəfindən bu hərbi cinayətlərin törədilməsinin motivləri ilə bağlı hesabat tələb etməlidirlər;
2. ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan tərəfi ilə birgə bu hərbi cinayətlərin bütün detalların müzakirə etməli və onları sənədləşdirməlidirlər;
3. Azərbaycanda fəaliyyət göstərən BMT institutları raket zərbələri nəticəsində həyatını itirən dinc əhali ilə bağlı vəziyətin araşdırılması məqsədi ilə Azərbaycanın hökumət orqanları ilə əməkdaşlığı gücləndirməlidirlər;
4. Beynəlxalq insan hüquqları təşkilatları və analitik mərkəzlər dinc əhaliyə qarşı edilən cinayətlərin araşdırılması üçün öz missiyalarını göndərməlidirlər;
5. Azərbaycan QHT-ləri və hüquq müdafiə təşkilatları dinc əhaliyə qarşı cinayətin araşdırılmasında aktiv fəaliyyət göstərməlidirlər.