İrandakı etirazlar dalğası qabarma-çəkilmə ilə müşahidə edilir, gah ali dini rəhbər əleyhinə şüarlar səslənir, gah nisbi sakitlik hökm sürür, gah da qəfil alovlanma baş qaldırır.
Məhsa Əmininin öldürülməsindən sonra cərəyan edən iğtişaşların motivi hakimiyyətdaxili pillələrdə irəliləmək istəyən rəqib dairələr üçün münbit fürsətə çevrilir.
Proseslərdəki xarici oyunçular, əsasən İsrail, İran daxilindəki çalxalanmanı davamlı edə biləcək prioritetlər müəyyənləşdirir, şübhə etmək olmaz ki, Əmininin öldürülməsini həyata keçirən komanda üzvlərinin fotolarını mediaya məhz İsrail tərəfi sızdırıb.
Hərçənd ki, İran vurğuları birinci olaraq ABŞ üzərinə qoyur, daha sonra isə xarici güclərdən danışaraq ənənəvi tərzini gözə soxur. Məsələn, SEPAH-ın briqada generalı Həsən Həsənzadə deyir ki, təmsil etdiyi güc İrandakı etirazların arxasında ABŞ-ın dayandığını müəyyənləşdirib.
Bəzi nəticələr isə məntiq zəncirində qırılmaların olduğunu göstərir, belə ki, İran illərdir almağa çalışdığı yeddi milyard dollarlıq dondurulmuş aktivinə qovuşur.
Belə ki, ABŞ-la İran məhbus mübadiləsi sazişi üzrə öhdəlikləri icra etdiklərindən İslam Respublikasının Cənubi Koreyada qalmış yeddi milyard dollarına qoyulan blok aradan qaldırılıb.
Bu göstərir ki:
1. ABŞ-la İran məhbus mübadilələrini sürətləndirirlər, səbəb budur ki, tərəflər nüvə sazişinə dair mövqelərini yaxınlaşdırıblar;
2. ABŞ Türkiyənin Suriyadakı və İraqdakı aktivliyini azaltmaq üçün İran ilə sövdələşməyə gedə bilər. Ona görə də İrana bunun üçün lazım olan maliyyə təminatını elə İranın öz haqqı olan pullarla təmin edir.
ABŞ-la İranın əməkdaşlıq spektri daha çox xarici siyasət maraqlarında situativ meyarlara söykənir, lakin daxildəki vəziyyətlə bağlı fikir ayrılıqlarının anatomiyası dəyişilməyib.
İran təhlükəsizlik qüvvələri mitinqləri özünün dəyənəyi ilə yatırmaqla daxildəki ali rəhbər postuna hərislərə işıq yandırır.
İrandakı ehtiraslar artıq ali rəhbər Seyid Əli Xameneinin proseslərə nəzarəti itirməsi ilə nəticələnir, hərçənd ki, İran lideri bu gün ictimaiyyət önünə çıxıb və mühafizəkar kəsimin idealları ilə liberalları susdurmağı qarşıya hədəf qoyur, bunun üçün ən yumşaq istinad yeri olan ABŞ-ın və İsrailin qızışdırıcılıq əməllərindən danışır.
Ali liderin xələfi olmaq uğrunda mübarizə İran rejiminin daxilindəki elitanı parçalayır, liberallar üçün mühafizəkar olmayan xalq kütlələrinin ayağa qalxması onlara sərfəlidir.
Hakimiyyət çətirindəki belə bölgü Xameneini rejimin birləşdirici rolu olmaq funksiyasından ayırır və iqtidardakı digər rəqiblərin yaranan ruhani boşluğu doldurmalarına yol açır.
Xameneinin xəstəliyi, idarəetmədə problemlərlə üzləşməsi ruhani strukturun seqmentlərini, xüsusilə Qum hövzəsindəki alimləri ona qarşı cəsarətləndirə bilər.
Əvvəldən düşünüldüyü kimi, hadisələrin yönləndirici funksioneri kimi SEPAH etirazçılarla ali rəhbərlik arasında incə bir xətt çəkir və ona görə böyük güc olan bu Korpus həm mühafizəkarları dəstəkləyir, həm də ara-sıra etirazçıların könlünü xoş tutmağa çalışır.
Ancaq İranın Kürdüstan vilayətindəki coşan emosiyalara nəzarət bir qədər çətindir, Tehran Suriya və İraqda Türkiyə əleyhinə cəbhədə PKK ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirsə də, daxildəki PKK amilini təhlükə kimi görür.
Eyni zamanda İran İraqdakı PKK mövqelərinə də zərbə endirməklə qonşudan kürdlərə gələ biləcək təminatları bloklamaq niyyətini nümayiş etdirir.
İrandakı etirazlar hələlik teokratik rejimin devrilməsi həddinə qədər inkişaf etməyib, amma post-Xamenei dövrünə hazırlıq mərhələsi onu göstərir ki, gələcəkdə hakimiyyət cəmiyyətin bəzi liberal tətbiqlər yükləməsinə şərait yaradacaq.
Aqşin Kərimov
www.RIA24.az