Ceyhun Bayramov: “Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır”

Siyasət

“2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olacaqdır. Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə vermişdir və biz bu vacib işi davam etdirməyə hazırıq”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı deyib.

Bildirilib ki, Avropa Şurasına üzv olarkən, Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürüblər. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnib.  ATƏT-in Minsk Qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməyib.

“Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi  2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən effektiv nəzarətin həyata keçirildiyini təsbit edib. Hətta bu qərardan sonra belə,  Ermənistan öz məsuliyyətini rədd etməkdə davam edib və buna görə heç bir tədbirə məruz qalmayıb.

 “Qarabağ-Ermənistandır” bəyanatı, eləcə də “yeni ərazilər üçün yeni müharibə” doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat səciyyəli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayıb. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bunun nəticəsində 12 uşaq daxil olmaqla, 91 nəfər mülki vətəndaş həlak olub, 400-dən artıq şəxs isə yaralanıb. Xüsusilə, çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən bu əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır”, – deyə C.Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır:

“Azərbaycan sadəcə Ermənistan qüvvələrinin  işğal olunmuş ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırır.

Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının  ən qısa yoludur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir