Dünən, oktyabrın 4-də Ermənistan mətbuatı İrəvanla Bakının noyabrın ilk ongünlüyündə Brüsseldə sülh sazişinə imza atacaqları barədə məlumat yayıb.
Eyni zamanda qeyd edilir ki, Moskva artıq sazişin imzalanmasına razılığını verib.
Rusiyanın tanınmış siyasi və ictimai xadimi, Rusiya Federasiyası Ali Sovetinin keçmiş sədri, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı kafedrasının müdiri, professor Ruslan Xasbulatov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şərait çoxdan yetişib:
– Amma bu nə dərəcədə mümkündür – bilmirəm. Lakin bunun baş verməsini istərdim. Aydındır ki, dinc yaşamaq lazımdır, bununla kim mübahisə edə bilər ki? Bildiyiniz kimi, mən həmişə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmasının tərəfdarı olmuşam ki, gərginlik bitsin, iki ölkə, iki xalq sülh şəraitində yaşasın.
Mən, həqiqətən, ümid edirəm ki, bütün bu planlar reallaşacaq. Həm də sülh sazişlərinin harada imzalanmasının heç bir əhəmiyyəti yoxdur – Brüsseldə, Nyu-Yorkda, Almatıda və ya başqa bir yerdə. Əsas məsələ məzmun hissəsidir. Ölkələr əməkdaşlığı sülh yolu ilə həyata keçirməlidirlər. Qonşular var və sən harasa çıxıb gedə bilməzsən, kimin bizimlə qonşuluqda yaşayacağını biz müəyyən etməmişik, bu, taleyin işidir, tarix belə gətirib. Ona görə də təkrar edirəm – biz sülh şəraitində yaşamalıyıq. Mən çox ümid edirəm ki, sülh sazişi bağlanacaq. Və biz Azərbaycan və Ermənistan liderlərinin sülh istiqamətində cəhdlərini dəstəkləməliyik. Düzdür, mən təfərrüata sahib deyiləm, baxmayaraq ki, hansı sülhdən söhbət getdiyi barədə təsəvvürlərim var.
– Bəli, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən hələ də icra olunmayan Üçtərəfli Bəyanat imzalanıb. Söhbət Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, kommunikasiyaların açılmasından və sair öhdəliklərdən gedir.
– Bu, istənilən halda baza şərtləri əsasında olmalıdır.
– Bununla belə, bugünkü gün Ermənistanda Azərbaycanla danışıqlardan imtinaya və ümumiyyətlə, bütün görüşlərin ləğvinə çağıran radikallar var…
– Bəli, təəssüf ki, bu belədir. Amma hələ 1988-ci ildə Sovet İttifaqında böhrana səbəb də bu ifrat hisslər oldu. Ermənistanda olan indiki radikallar SSRİ-yə ilk zərbəni vurmuş insanların varisləridir. Erməni millətçilərinin Sovet İttifaqı daxilində başlatdıqları müharibə SSRİ-nin əsaslarını silkələdi. Onlar bugünkü günə qədər iş başındadırlar.
Burada mən Nikol Paşinyanın cəsarətini qeyd etmək istəyirəm, o, tədricən Azərbaycanla sülh müqaviləsinin bağlanmasına yol açır. Bəli, bu yavaş-yavaş baş verir, amma nə etmək olar? Ermənistandakı ifrat millətçilik erməni cəmiyyətinin bir hissəsinin dəhşətli xüsusiyyətidir. Mən bu barədə çoxdan məlumatlıyam, biz hələ ötən əsrin 60-cı illərində, tələbəlik dövründə bu barədə mübahisə edirdik. Hesab edirəm ki, biz Paşinyanı dəstəkləməliyik. Bu yaxınlarda Ermənistanın birinci prezidenti, mənim də yaxından tanıdığım Levon Ter-Petrosyan da ona dəstək nümayiş etdirdi. Ona görə də sağlam erməni qüvvələri başa düşürlər ki, Azərbaycanla sülhü bərqərar etmək və qarşıdurmanın dəhşətli və uzun səhifəsini bağlamaq lazımdır.
Nair Əliyev
www.RIA24.az