
Bakı. Trend:
Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
fəaliyyəti ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilib.
Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Trend-ə açıqlamasında
bildirib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək
münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər
nəzərə alınmaqla qəbul edilib.
Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə
layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış
yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz
əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla
bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda
əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində,
yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi
daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam
etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə
və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək
fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun
Almaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrında
Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi
vurğulayırıq”.
Teatr Xalq artisti Yalçın Adıgözəlov haqqında yayılan
məlumatlara da aydınlıq gətirib:
“O, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən,
böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin
olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilmişdir.
Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə
əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar
prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən
müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də
44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük
həssaslıqla yanaşılmış və daim müvafiq dəstək göstərilib. O
cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif
beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür
zəruri dəstək göstərilib.
Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər
ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində
məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız
4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə
olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu
səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək
qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq
əməkhaqqında müvafiq tutulma aparılıb”.
Daha sonra xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında Oman
Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera
Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo
Puççininin “Toska” operasının premyeras baş tutmuşdur. Səhnə əsəri
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik
orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycan
yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında
çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği
baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrol
çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və
qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə
xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar
ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə
vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun
olaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyata
keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən
məlumatlandırılmışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, bu
ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas
prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar
inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu
məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni
təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial
təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf
kimi qoyulmuşdur.
Eyni zamanda bildiririk ki, teatrın əsas səhnəsində yenilənmə
işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq
fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdim
olunmuşdur, “Koroğlu” operası bərpa edilib.
İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professor
Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan
“Nəsimi” operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə
çevrilmişdir.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Opera
günləri”, eləcə də “Balet günləri” təşkil olunmuşdur. 2026-cı ilin
mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o
cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə etmiş,
martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”
operettası nümayiş etdirilmişdir.
Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin “Aida”
operasının təqdimatı olmuşdur.
Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə
gücləndirilmiş, müasir tələblərə cavab verən yeni avadanlıq və
musiqi alətləri ilə təmin edilmişdir. Dövlət-özəl, tərəfdaşlıq
prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların
genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır.
Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarla
bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və
peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın
fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və
beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini
tapır.
Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki,
kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə
həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və
spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi
mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında
qiymətləndirilməlidir.
Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək
münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları,
intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu
kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata
keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll
olunur.
Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli
layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı
şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet
satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş
verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının
və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir.
Xəbər yenilənəcək

